David Harrison: Müqavilənin müddəti məxfidir
07.01.2011 - 14:12
David Harrison: Müqavilənin müddəti məxfidir
“Azərbaycana gəlişimizdən məmnunuq. “Neftçi” ilə əməkdaşlığımız geniş sahələri əhatə edəcək. Bura təkcə Araz Abdullayevin transferi daxil deyil”. Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Everton” klubunun Beynəlxalq Əlaqələr və Futbol Departamentinin rəhbəri David Harrison deyib.

Komandada həm də baş katib vəzifəsini daşıyan Harrison “Neftçi”nin və yığmamızın futbolçusu Araz Abdullayevi transferi ilə bağlı ölkəmizə səfər edib.

Bu gün Bakıda keçirdikləri mətbuat konfransında fikirlərini bildirən qonaq yanvarın 1-dən onların futbolçusu olan Arazı bəyəndiklərini söyləyib: “Biz onu bəyənərək, komandamızda görmək istədik. Arazın oyununu izlədiyimiz zamanı çox təsirləndik. O, yaxşı təəssürat oyatdı. Abdullayev 1 aydan sonra düşərgəmizə gələcək”.

Təbii ki, cəmi 18 yaşı olan futbolçunun İngiltərənin Premyer Liqa klubuna keçidi tarixi hadisə olsa da, onu itirməmək də daha vacibdir. Təbii ki, Arazın ehtiyatda qalıb, oyun praktikası sarıdan korluq çəkməsi arzuolunmazdır. Üstəlik, İngiltərədə çıxış etmək, millidə çox oyun keçirmək, işçi vizasını almaq lazımdır. “Everton” rəsmisi bütün bunlara nikbin baxır: “Arazı komandamızda irəliləyəcək, günü-gündən daha yaxşı hazırlıqlı olacaq. Abdullayevin öz milli komandanın üzvüdür. Onun yığmasında daha çox oynamasını istəyirik. Bu, çox vacib məsələlərdəndir. Əminik ki, Araz bunların öhdəsindən gələcək”.

Abdullayevin müqaviləsinin müddəti maraq dairəsində olan məsələlərdəndir. Harrisonun buna cavabı daha maraq doğurdu: “Bu, məxfidir. Qoy, sirr olaraq qalsın. “Neftçi” ilə uzun əməkdaşlığımız uzun müddətli nəzərdə tutulub. Arazla bağlı uzun müddətə anlaşmışıq”.

Mehman SÜLEYMANOV