Vaqif Sadıqov: “Anji” yox, başqa xarici klubda işləyəcəyəm
07.01.2011 - 16:01
Vaqif Sadıqov: “Anji” yox, başqa xarici klubda işləyəcəyəm
“Anji”nin mənimlə maraqlanmasından xəbərim yoxdur. Kim deyir ki, bu komandanın baş məşqçisinin köməkçisi təyin edilmişəm?” Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Ötən ilin fevralında “Neftçi”nin “sükanı arxası”ndan ayrıldıqdan sonra işsiz qalan mütəxəssisin özünə yeni iş yeri tapmağı barədə xəbərlər yayılıb. Hətta millimizin sabiq çalışdırıcısının yaxın günlərdə “Anji”nin baş məşqçisi Hacı Hacıyevin köməkçisi təyin ediləcəyi də deyilirdi.

Bunlar isə səbəbsiz deyil. Birincisi, Sadıqov vaxtilə “Anji”də birgə çalışdığı Hacıyevlə xoş münasibəti var. İkincisi də ukraynalı Andrey Qusinin Kiyev “Dinamo”suna gedişindən sonra “Anji”də köməkçi məşqçi postu vakant qalıb və ora təyinat olmalıdır.

Təbii ki, Sadıqov özünə yaxın adamla işləmək niyyətində olsa da, xəbərin düz olmadığını bildirdi. Bununla belə, o, yaxın günlərdə ölkə xaricində çalışacağını təsdiqlədi: “Bir həftə ərzində xoş xəbər eşidəcəksiniz. Sadəcə, gözləmək lazımdır. Bəli, ölkə xaricində çalışacağam. Amma gedəcəyim komanda “Anji” deyil”.