Şota Arveladze Azərbaycan çempionunu təriflədi
10.01.2011 - 10:33
Şota Arveladze Azərbaycan çempionunu təriflədi
“Matç baxımlı və maraqlı alındı. “İnter”in nümayiş etdirdiyi oyun tərzini bəyəndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” və Qazaxıstanın “Taraz” komandalarının yoxlama görüşünü canlı izləyən gürcü futbolunun əfsanəsi Şota Arveladze deyib.

Hazırda Türkiyənin “Kayserispor” komandasını çalışdıran mütəxəssis Antalyada təlim-məşq toplanışını davam etdirən “bankirlər”in qazaxlarla oyununa münasibət bildirib: “İnter”in futbolçularının topla davranışı və hücumların təşkilində göstərdikləri kollektiv iş və fiziki hazırlıq səviyyəsi komandanın potensialından xəbər verir. Bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze ilə münasibətlərimin yaxşı olmasına görə demirəm. Sözün həqiqi mənasında komandanın öz siması var”.

Arveladze “İnter”in “Birlik kubok”u turnirində çıxışına da toxunub: “Rəqiblər barəsində ətraflı məlumatım yoxdur. Lakin “İnter” həmin turnirdə yüksək nəticə əldə etməyə imkan verən potensiala malikdir. Bunun üçün “İnter”ə uğurlar arzulayıram”.

Qeyd edək ki, “İnter” - “Taraz” görüşü Sxadadzenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: inter.az