Ruslan Əmircanov: Mənə bir daha şans vermələrini xahiş etdim
12.01.2011 - 11:50
Ruslan Əmircanov: Mənə bir daha şans vermələrini xahiş etdim
"Mən qış fasiləsində transferə çıxarılmışdım. Baş məşqçimiz Arif Əsədov yığmaya namizəd futbolçulardan biri olduğum üçün, daha çox oynaya biləcəyim komandaya keçməyimi istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Əmircanov deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edən müdafiəçi klubun rəsmi internet saytına açıqlamasında transferə çıxarılmasına baxmayaraq komandada qalmasının səbəbini açıqlayıb: “Ancaq mən klub rəhbərliyi və baş məşqçi ilə söhbət edib, onlardan mənə bir daha şans vermələrini xahiş etdim. Sağ olsunlar, məni anlayışla qarşıladılar, etimad göstərib klubda saxladılar. İnanın, özümü "Neftçi"dən başqa heç yerdə təsəvvür edə bilmirəm. Sanki uzun illərdir bu komandanın şərəfini qoruyuram. İkiqat əzmlə məşq edib, əsas heyətdə meydana çıxmaq üçün çalışacağam. Flaqmanın heyətində yüksək səviyyədə rəqabət var. Baş məşqçimiz məşqdə ən yaxşı tərəfdən özünü göstərənlərə hər zaman şans verir. Çalışıb, onun etimadını doğruldacağam".