Almaniyada azərbaycanlı “Messi”: Yığmanızda oynayaram
12.01.2011 - 20:00
Almaniyada azərbaycanlı “Messi”: Yığmanızda oynayaram
Bakının “Neftçi” klubunun Türkiyənin Antalya şəhərində qaldığı “Titanik” otelində Avropanın bir sıra klubları təlim-məşq toplanışında qərarlaşıb. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, onlar arasında yer alan Almaniyanın 4-cü Bundesliqa təmsilçisi “TUS Dornberq”in adı futbolsevərlərimizə heç nə demir. Əslində bizim üçün də bu klub maraq kəsb etməsə də, aşkara çıxardığımız faktla vəziyyət daşıdı. Belə ki, bizimlə bir mərtəbədə qalan Almaniya təmsilçisinin bosniyalı futbolçusu haradan olduğumuzu bildikdə, “bizdə də azəri futbolçu var” dedi. Məlum oldu ki, bu, əslən Azərbaycandan olan Uğur Pamukdur. Onunla söhbətimizdə bir sıra maraqlı məqamlar ortaya çıxdı. Ən əsası, həm Uğur, həm də qaldığımız oteldə istirahət edən atası Azərbaycan dilində səlis danışmaları ilə diqqət çəkirdilər.

- Uğur, özünüz haqda məlumat verərdiniz?
- Mən 1989-cu ildə Almaniyada anadan olmuşam. Ancaq valideynlərim Türkiyənin İqdır vilayətindədirlər. Onlar sonradan Almaniyaya gəliblər və Bilefeld şəhərində dünyaya gəlmişəm. Mən 4 yaşında futbola başlamışam.

- Harada?
- “Zene Aynts” komandasında. Bu, türklərin komandası kimi tanınır. Bizim şəhərin ən tanınmış komandası “Arminiya”dır. Onun aşağı yaş qruplarından ibarət komandasında oynadım.

- Hansında?
- 19 yaşlılarında. Bu, 4 il əvvəl olub. Sadəcə, “Arminiya”nın əsas komandasına düşmək çətin olduğundan, 2007-ci ildə indiki klubum “TUS Dornberq”a keçdim. Burada daim əsas heyətdə oynayıram.

- Sizin babanız azərbaycanlıdır?
- Bəli. Biz əslən azərbaycanlıyıq. Anamın atası oralıdır. Türkcə yox, azərbaycanca danışırıq. Misal üçün “gediyorum, gəliyorum” yox, “gedirəm, gəlirəm” deyirik. Atamın adı Fazil, babamınkı Ramazandır. Türkiyədə yaşayan əmilərin adları Əkbər, Sərxan, Səlahəddindir.

- Babanız vaxtilə Azərbaycanın hansı bölgəsindən Türkiyəyə köçüb?
- Bunu dəqiq bilmirəm. Ancaq atamın əmisinin Bakıda yaşadığını deyə bilərəm. Yeri gəlmişkən, atam da buradadır, istirahət edir.

- O, nə ilə məşğuldur?
- Atam Almaniyada inşaat sahəsində çalışır.

- Sizin Almaniyanın 2-ci, 3-cü Bundesliqa klublarına keçidinizə imkanınız oldumu?
- Keçən il belə təklifim vardı. 3-cü liqada oynaya bilərdim. Ancaq klubumla müqaviləm olduğundan, gedə bilmədim. Türkiyənin “Boluspor” klubunda idim. Ancaq transfer məbləğimi ödəmədiklərindən, qayıdası oldum.

- “Boluspor”a baxışa getmişdiniz?
- Bəli. Ora bütün Avropadan, hətta Braziliyadan futbolçular baxışa gəlmişdi. Həmin vaxt 100-150 nəfər arasından tək mən seçildim. Məni aldılar və peşəkar futbolçu kimi müqaviləyə imza atdım. Menecerim Hakan Özlü məşhur türkiyəli futbolçu Tuncay Şanlının meneceridir. O, əslən Sakaryalıdır, İstanbulda qalır. Məni “Boluspor”a Özlü aparmışdı. Əşyalarımı toplamaq üçün Almaniyaya qayıtdım. Orada eşitdim ki, transfer məbləğimi ödəyə bilmirlər.

- Klubun “Boluspor”dan nə qədər pul istəmişdi?
- 30 min avro. Ancaq Türkiyə klubu mənə görə risk etmək istədi. Mən digər futbolçulardan geri qaldığımı düşünmürəm. Mən “Boluspor” 2-3 dəfə məşqə çıxdım və azarkeşlərin alqışını qazandım. Onlar məni adımla çağırırdılar.

- Futbolçu kimi əsas özəlliyinizi nədə görürsünüz?
- Çox sürətli olmağımı. Bu, oynadığım yarımmüdafiənin sağ cinahında işimə yarayır. Hətta Almaniyada məni “Messi” deyirlər. Bunu onun kimi sürətli olmağıma görə deyirlər. Texniki cəhətdən də yaxşı olduğumu sayıram.

- Azərbaycan, futbolumuz haqda nə bilirsiniz?
- Çox az şey. Mən heç vaxt Bakıda olmamışam.

- Ümumiyyətlə, nə eşitmisiniz?
- Onu bilirəm ki, Azərbaycanın əsas qazancı neftdəndir, elə deyil?

- Elədir. Milli komandamız haqda nə bilirsiniz?
- Türkiyə yığmasını 1:0 hesabı ilə yenmişdi. Azərbaycan yığması komanda olaraq yaxşıdır. Hər halda, Türkiyə kimi güclü rəqibə qalib gəlmək asan iş deyil.

- Biz ardıcıl iki seçmə mərhələdir Almaniya yığması ilə də bir qrupa düşürük...
- Azərbaycan Almaniyaya uduzmuşdu. Ancaq hesab yadımda deyil.

- Oyuna baxmamsınız?
- Yox.

- Almaniyaya əvvəl 0:4, sonra 1:6 hesabı ilə uduzmuşuq. Belə bir sual verim ki, AFFA Avropada əslən azərbaycanlı olan futbolçuların axtarışındadır. Yığmamızda oynamaq istəyəni baxışdan keçirməyə hazırdırlar. Siz belə istəkdə olarsınız, yoxsa özünüzə güvənib, Türkiyə yığmasında oynamağa iddialısınız?
- Mən bir futbolçu kimi harada faydalıyamsa, orada oynayaram. Ancaq təbii ki, öz ölkəmdə oynayaramsa, daha yaxşı olar.

- Yəni Azərbaycanı nəzərdə tutursunuz?
- Bəli. Azərbaycandan oynamaqla bağlı təklif gələrsə, dərhal gedərəm.

- Sizin bu yaşda pul önəmlidir, yoxsa yaxşı karyera?
- Mən indi pulu düşünmək istəmirəm. Hələ gəncəm və oynadığım komandama xeyir vermək fikrindəyəm. Baş məşqçi məni bəyənərsə, oynayacağam. Hər şey ardıcıl həll olunur.

- Azərbaycan klubu sizi transfer etmək istəsə, indiki komandan pul istəyəcək?
- Müqaviləm bu ilin iyununda bitir və onda sərbəst futbolçu olacağam. Normal şərtlər olarsa, Azərbaycan klublarının birində oynamağa hazıram.

- Yığmamıza gəlsəniz, almaniyalı baş məşqçi Berti Foqtsun ən sevimli futbolçularından biri ola bilərsiniz. Çünki almanca danışdığınızdan, onunla bu dildə sərbəst danışaraq, anlaşmaqda yardımçı ola bilərsiniz...
- Qismət olarsa, belə olar. Mən Foqts haqda eşitmişəm. Onun köməkçisi olan qapıçılarla işləyən məşqçi Uli Ştayn da yığmanızdadır?

- Bəli.
- Ştayn həmşəhərlimizdir, Bilefelddən gəlib.

- Maraqlıdır, Almaniyada Foqts haqda nə danışırlar?
- Heç nə. Almaniyada başqa məşqçilər olarkən Foqts haqda danışmırlar. Bəlkə məşqçilər arasında danışırlar, ancaq mən duymamışam.

- Sizi Almaniyada hansı millətin nümayəndəsi kimi tanıyırlar?
- Məndən haralı, türk olduğumu soruşanda azəri olduğumu deyirəm. Çünki mən gözünü aşandan özümü belə görmüşəm. Valideynlərim azəri olduğumuzu deyiblər. Ana babam sizin kimi, azəri ləhcəsində danışır. Onlar da bizim şəhərdə yaşayırdılar, ancaq indi İzmirdən ev aldıqları üçün ora köçüblər. İndi bütün ailəmiz Bilefelddəndir.

- İkili – Türkiyə və Almaniya vətəndaşlığınız var?
- Yox. Yalnız Türkiyə.

- Almaniya vətəndaşlığı almağınızı istəməməsiniz?
- Yox. Sadəcə, heç bu haqda fikirləşməmişəm. Türkiyə vətəndaşlığımı əks etdirən pasportum var. Almaniyada məndən vətəndaşlıq istəməyiblər. Neçə ildir orada yaşasam da, əcnəbi sayılıram.

- Azərbaycan vətəndaşlığımı almağı təklif etsələr, qəbul edərsiniz?
- Buna dərhal müsbət cavab verməyim çətindir. Ancaq bu haqda düşünərəm. Milli komandada oynamaq üçün lazım olarsa, vətəndaşlımı qəbul edərəm. Ancaq bundan öncə gərək ora gedib, şəraitlə tanış olum, qərar verim.

Mehman SÜLEYMANOV