“Fənərbaxça” rəsmisi: Amit ən qısa zamanda əsas komandaya yüksələcək
13.01.2011 - 00:00
“Fənərbaxça” rəsmisi: Amit  ən qısa zamanda əsas komandaya yüksələcək
Türkiyənin “Fənərbaxça” klubunun koordinatoru Şenol Çorlunun apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- “Neftçi”nin və yığmamızın futbolçusu Amit Quluzadənin transferi ilə bağlı nə deyə bilərsiniz?
- Amit daha öncədən, 4 il əvvəl bizdə olduğu üçün onu tanıyırdıq, oyununu izləmişdik. Sadəcə, həmin vaxt keçidini həll edə bilməmişdik. Buna baxmayaraq, arxada qalan müddətdə Quluzadəni izləməkdə davam edirdik. Onu Türkiyədə dəvət etdik, söhbətləşdik, “Fənərbaxça”da oynamaq istədiyini dedi. Biz də Quluzadənin transferində maraqlı olduğumuzdan, məsələni həll etdik. Buna görə “Neftçi”nin rəhbərliyinə minnətdarıq. Onların köməyi sayəsində keçid gerçəkləşdi. Bunun nəticəsində “Neftçi” rəhbərliyi ilə tanış olduq və gələcək əməkdaşlığın təməli qoyuldu. Əsas məqsədimiz də bu yöndə çalışıb, əməkdaşlığı genişləndirməkdir. Əsas odur ki, Amit kimi futbolçuları həm klub, həm də yığma çərçivəsində səviyyəsini qaldıraq.

- Amitin həm hazırda zədəli, həm gənc olduğunu nəzərə alaraq, ona əsas komandaya düşmək üçün təcrübə yığması lazımdır. Bu, neçə müddət çəkər?
- Mən Amitə çox güvənirəm. Baş məşqçimiz Aykut Kocamanla da onunla bağlı söhbətləşmişik. Quluzadə bir müddət əvəzedici komandada olacaq. Ancaq onu ən qısa zamanda əsas komandaya yüksələcəyinə düşünürük.

- Futbolçumuz əvəzedici komandanızda özünü göstərib, başqa Superliqa klublarından təklif alarsa, onda necə olacaq?
- Bizim ilk hədəfimiz Amiti əsas komandamıza qazandırmaqdır. Bunu bacara bilsək, çox sevinərik. Alınmasa, “Neftçi”nin rəhbərliyi ilə danışığımız olacaq. Yəqin ki, həmin vaxt başqa variantları nəzərdən keçirəcəyik. Amitin icarəsi “Neftçi”nin razılığı olmadan qeyri-mümkündür.

- Amitlə rəsmi müqaviləni nə vaxt imzalayacaqsınız?
- Yəqin ki, bu həftə. Buna imkan olmasa, məsələni ayın sonuna kimi rəsmiləşdirəcəyik.

- Amit gənc futbolçu olduğundan, anlaşma uzun müddətli olacaq?
- Təbii ki.

- 3-4 illik?
- Bunu qarşılıqlı danışacağıq. Trabsferin məğləğini açıqlaya bilmərik. Bu, 2 klub rəhbərliyi arasında olan məsələdir. Məqsədimiz Amiti “Fənərbaxça”nın əsas komandasına, inşallah, oradan da Avropaya verməkdir. Kocamanın Quluzadənin gəlişindən xəbəri var. Keçən həftə biz Antalyada idik və onda baş məşqçimizə Amit haqda dedik.

- Maraqlıdır, Amit nə vaxt əsas komandaya qoşulacaq?
- Bunu həkim deyəcək. İlk öncə futbolçunun zədəsini müalicə etdirəcəyik. Bu, problem deyil. Amit sabah onunla görüşdürəcəyik. Müayinədən sonra həkim fikirlərini bizə deyəcək.

Mehman SÜLEYMANOV