“Bu, Azərbaycan futbolu üçün mühüm bir hadisə olacaq”
13.01.2011 - 15:49
“Bu, Azərbaycan futbolu üçün mühüm bir hadisə olacaq”
“Bakı”nın uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis arxada qalan ilin yekunları və 2011-ci il üçün planlaşdırılan layihələr barədə danışıb.

- 2010-cu geridə qaldı. Ötən il “Bakı”nın uşaq futbolu hansı hadisələrlə yadda qaldı?
- Məqsədimiz yeni nəsil futbolçular yetişdirmək, milli komandaya daha çox futbolçu verməkdir. Ötən il əsas vəzifələrimizdən biri komandalarda komplektləşdirməni yekunlaşdırmaq və növbəti il üçün heyət formalaşdırmaq idi. Ona görə də yaya qədər olan yarışlarda bizim üçün nəticə önəm kəsb etmirdi. 2010/11 mövsümünə başlayarkən bir sıra dəyişikliklərə əl atdıq. İlk olaraq Türkiyədən bir neçə yeni məşqçi dəvət etdik. Əvvəlcədən onu bildirim ki, onların işindən razıyam.

- Ötən il bir sıra dəyişikliklər edildi. 40-a yaxın futbolçu ilə yollar ayrıldı. Onların yerinə seçim əsasında yeni uşaqlar götürdü. Bu hansı prinsiplər əsasında keçirildi?
- Avqustda klubun bazasında geniş seçim təşkil etdik. 15 gün ərzində 9 yaş qrupu üzrə komandalara namizəd 250-yə qədər futbolçu baxışa gəlmişdi. Sonda onlardan yalnız 40 nəfəri “Bakı”nın formasını geymək hüququ qazandı. Hər bir uşağa ən azı 4-5 məşqdə nəzər yetirdik. Heç bir uşaq barədə ilk dəfədən qərar vermədik. Bəzi uşaqlara isə 7, hətta 8 məşq şans verib, fikir bildirdik.

- Yeni gələn uşaqların çempionatdakı çıxışı sizi qane edir?
- Bəziləri istisna olmaqla, bəli. Son 6 ayda əvəzedici və 1994-cü illərdən ibarət komandaların çıxışını xüsusilə qeyd edərdim. 1995-ci illərdən təşkil edilən komandalarımız AFFA U-17 liqasında oynayır. 16 yaşlılar arasında çempionat keçirilmədiyi üçün onlar özlərindən bir yaş böyüklər arasında çıxış etsə də, onlardan razı qaldım.

- 2011-ci ildə uşaq və yeniyetmələrdən ibarət komandalarınız hansı turnirlərdə çıxış edəcək?
- Bu ayın sonunda 1996 və 1999-cu il təvəllüdlü futbolçularla Türkiyənin İzmir şəhərinə təlim-məşq toplanışına yollamaq niyyətimiz var. Burada yerli klublarla yoldaşlıq oyunları keçirib, komandalarımızın nəyə qadir olduğunu görmək maraqlı olardı. Beynəlxalq oyunlar uşaqların təcrübə qazanmaları baxımından da çox önəmlidir. Fevralda Latviyada 1997-ci il təvəllüdlülər arasında “Riga cup” adlı beynəlxalq turnirdə iştirak etmək fikrimizin olduğunu da qeyd edə bilərəm.

- “Bakı”nın uşaq futbol Akademiyası bu yaxınlarda fəaliyyətə başlayacaq. Bundan sonra aşağı yaş qruplarında hansı dəyişikliklər baş verə bilər?
- Məndə olan məlumata görə, fevral ayında Akademiya klubun sərəncamına veriləcək. Bundan sonra burada nəzəri məşqələlərin təşkili, futbolçuların təhsili və maariflənməsi ilə bağlı növbəti hədəfimizə çatmış olacağıq. Bunun təkcə “Bakı” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün mühüm bir hadisə olacağı qənaətindəyəm. Əminəm ki, “Bakı” futbol klubu düzgün yoldadır.