Bir zərbə, o da qeyri-dəqiq
18.01.2011 - 01:09
Bir zərbə, o da qeyri-dəqiq
“Neftçi” Türkiyədəki hazırlıqlarını gündə 2 dəfə olmaqla davam etdirir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, paytaxt komandası “Titanik” otelinin meydançasında keçirilən dünənki səhər məşqi bu təlim-məşq toplanışında ən erkən başladı.

Saat 09:30-a təsadüf edən məşq ənənəvi olaraq fiziki hazırlıq üzrə türkiyəli məşqçi Mehmet Akın göstərişləri ilə start götürdü. Futbolçulara öncə yüngül hərəkətləri etməyi tapşıran Ak daha sonra saniyəölçənlə onların meydanı dövrə vurmasını istədi.

Komandaya baxışa gələn Əlcəzair əsilli Fransa vətəndaşı Yasin Hima məşqə qatılmışdı. Yaxşı fiziki göstəriciləri malik Yasin ilk məşqdə ağır çalışmalara dözümlü olduğunu göstərdi. Lakin onun meydanda gördüyü işi və ən əsası, topla davranışını görmək üçün axşam məşqini gözləməli idik. Hər halda, səhər məşqi topsuz olur, fiziki çalışmalar üzərində qururlur.

Saat 17.45-də başlayan axşam məşqində Rəşad Abdullayev zədə, Cavid İmamverdiyev soyuqladığından qatılmamışdı. Tural Nərimanovun hərarəti hələ də yüksək olduğundan, oteldə qalmışdı. Hazırlığın ilk hissəsi ayrı meydançada əsasən isinmə hərəkətləri və qurulan maneələri dəf etməkdən ibarət oldu ki, bu çalışmaları Ak keçirdi. Bir müddətdən sonra baş məşqçi Əsədov komandanı digər meydançada bir araya gətirərək, ikitərəfli oyunda sınamaq istədi.

Düzdür, bundan əvvəlki gündə olduğu kimi, həmin meydançada işıqlar keçsə də, bu, qısa çəkdi və projektorlar yanandan sonra oyun davam etdi. Futbolçulara topa ən yaxşı halda iki dəfə toxunmaq imkanına malik idilər. “Qırmızı” və “yaşıllar”ın mübarizəsi birincilərin 3:2 hesabı ilə qələbəsi ilə nəticələndi. Oyunda qələbə topuna futbolçu kimi meydanda olan köməkçi məşqçi Elmir Xankişiyev imza atdı.

Təbii ki, ikitərəfli oyunda əsas diqqətimiz baxışda olan 26 yaşlı legionerə yönəlmişdi. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Hima işgüzar olsa da, topla rəftarı elə də yaxşı deyildi. Onun oyunda qapıya yeganə zərbəsi xeyli üstdən keçdi.

Xeyli vaxtdır fitnes zalında çalışan zədəli braziliyalı müdafiəçi Alessandro Vyana da Silva ilk dəfə qaçışa başlayaraq, ikitərəfli oyun zamanı Akla birgə meydanı dövr etdi. Onun həmyerlisi Flavinyo isə tam sağalmaq üzrədir. Təsadüfi deyil ki, yarımmüdafiəçi artıq toplu çalışmalara qatılaraq, ikitərəfli oyunda iştirak etdi. Flavinyo meydanda sona kimi mübarizə aparmaqla, ətrafdakıların alqışını qazandı. Bununla da onun “Neftçi”nin Antalyadakı ikinci hazırlıq mərhələsində keçirəcəyi komanda ilə çalışaraq, yoxlama oyunlarında iştirak edəcəyi dəqiqləşir.

Mehman SÜLEYMANOV