“Lion”un yetirməsi: Bu mənada “Nerftçi” mənim üçün sərfəli klubdur
18.01.2011 - 01:47
“Lion”un yetirməsi: Bu mənada “Nerftçi” mənim üçün sərfəli klubdur
“Komandaya gəldiyim ilk gündən razıyam. Burda yaxşı ab-hava olduğunu gördüm”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Bakının “Neftçi” klubuna baxışa gələn fransalı futbolçu Yasin Hima deyib.

Əslən Əlcəzairdən olan 26 yaşlı yarımmüdafiəçi Lionda anadan olub və karyerasına bu şəhərin eyni adlı təmsilçisində başlayıb. Lakin 3 ildə bir çox məşhur futbolçularla məşq edən Yasinə əsas komandada debüt etmək nəsib olmayıb. Bunu yarımmüdafiənin mərkəzində Juninyo, Mamadu Diarra kimi dünya səviyyəli futbolçuların oynaması ilə əsaslandıran Hima sonradan icarə əsasında Fransada “Şatoru”, İsveçrədə “Aarau”da oynayıb.

2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vətəni” klubuna transfer olunan yarımmüdafiəçi 1 il sonra Avropaya dönür. 2 il İsveçrə “Bellinzona” klubunda oynayan Yasin 51 oyun keçirir. Onun son komandası Belçikanın yüksək liqa təmsilçisi “Eupen”dir.

Əlcəzair yığmasında 2 oyun keçirən Hima “Neftçi”də daha çox belçikalı hücumçu Emil Mpenza ünsiyyət qurmasını belə izah etdi: “Fransızca danışdığım üçün ilk olaraq Mpenza ilə ünsiyyət qurdum. “Neftçi”də qalıb-qalmayacağım məşqçilərin qərarından asılıdır. Ancaq mən qalmaq istəyirəm. Özümü göstərib, komandaya keçmək fikrindəyəm. Azərbaycan haqda menecerim söhbət etmişdi. O, demişdi ki, Azərbaycan futbolu ilbəil irəliləyir. Mən son klubumda müdafiənin önündə oynamışam. Açığı, “Eupen”lə müqaviləm hələ bitməyib. Ancaq mən daim yüksək hədəflər uğrunda çalışdığım üçün çempionluğa oynayan komandaya keçmək istəyirəm. Bu mənada “Neftçi” mənim üçün sərfəli klubdur”.

“Neftçi” Yasinlə birbaşa müqavilə imzalamağı yox, onu baxışda keçirməyi lazım bilib. Futbolçunun sözlərinə görə, baş məşqçi Arif Əsədovun onu baxışdan keçirmək istədiyini eşidəndə, buna qarşı çıxmayıb: “Özümə güvənirəmsə, nədən çəkinməliyəm? İnşallah, nəyə qadir olduğumu göstərib, burda qalaram. “Neftçi”də komanda daxili əhval-ruhiyyəni çox bəyəndim. Ən əsası, futbolçuların çoxu bizim kimi müsəlmandır. Bildiyimə görə, aralarında namaz qılanı da var. Məşqlərə isə söz ola bilməz. Hiss olunur ki, futbolçuların səviyyəsi yüksəkdir”.

Himanın “Neftçi”də daha çox 2 futbolçunun oyunu diqqətini cəlb edib. Təbii ki, o, ilk gündə komanda yoldaşlarının adlarını bilməsə də, keçəl və solaxay kimi makedoniyalı Slavço Georgiyevski və arıq kimi braziliyalı Flavinyonu nəzərdə tuturdu: “Hər iki yarımmüdafiəçini çox bəyəndim. Onlar topla sanki oyuncaqla oynayırmış kimi davranırlar”.

Mehman SÜLEYMANOV