Hafiz Məmmədov: Bizimkilər Şaferin tələblərinə cavab vermədi
18.01.2011 - 01:52
Hafiz Məmmədov: Bizimkilər Şaferin tələblərinə cavab vermədi
“Onun gedişi mənim üçün ağırdır. Gələndə çox sevinmişdik ki, hamı ondan danışırdı. Komandanın mövcud durumu, birinci dövrədəki nəticələr onun günahı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Paytaxtın eyniadlı komandasının rəhbəri almaniyalı çalışdırıcı Vinfred Şaferin istefaya göndərilməsinə münasibət bildirib: “Yenə əvvəlki fikrimdə qalıram. Şafer böyük karyeraya malik, təcrübəli və peşəkardır. Onun sistemi Azərbaycan üçün deyildi. Komanda Şaferin tətbiq etmək istədiyi sistemi həyata keçirə bilmədi. Bəlkə də bizimkilərin futbol biliyi o səviyyədə deyil ki, Şaferin tələblərinə cavab vermədi. Bunu komandamızın ayrı-ayrı futbolçuları ilə söhbətlərdə də dəqiqləşdirmişəm. Oyunçularımız hələ o səviyyəyə çatmayıblar ki, Şaferin sistemi ilə işləsinlər”.

Məmmədov bildirib ki, Şaferin komandadan getməsinə təəssüflənib: “Şaferdə müəyyən prinsipiallıq var və bunu bəyənirəm. Özü də gördü ki, irəli sürdüyü təkliflər burda alınmır. Dəfələrlə dedim ki, getmə, qal bərabər işləyək. O isə bildirdi ki, qala bilmir, işləri var. Biz onunla dost kimi ayrılırıq. Şaferə dedim ki, qapılarım həmişə üzünə açıqdır. Mənə elə gəlir ki, biz gələcəkdə "Bakı"nın inkişaf etməsi üçün bir çox işləri birlikdə görəcəyik. İnfrastruktur, ya da uşaq futbolu sahəsində. Yenə deyirəm, bir çox məşqçilərlə işləmişəm, görüşüb, ayrılmışam, amma Şafer qədər heyfsiləndiyim olmayıb".