“Yeni futbolçu haqda “Rubin”lə oyunda qərar verəcəyəm”
18.01.2011 - 02:09
“Yeni futbolçu haqda “Rubin”lə oyunda qərar verəcəyəm”
“Yasin Hima ilk gündür komanda ilə məşq etdiyindən, onun haqda tələsik qərar verməyimiz düzgün olmazdı”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Dayaq yarımmüdafiəçisi mövqeyinə futbolçu axtaran Əsədov Belçikanın “Eupen” klubundan Yasin Himanı baxışa çağırıb. Gənc çalışdırıcı əslən Əlcəzairdən 27 yaşlı fransalı legioner haqda sabah qərar verəcək: “Kollektivə yeni qoşulduğundan, ilk gün onun üçün çətin ola bilər. Ancaq Himanın topla davranmağını və mövqe seçimini bəyəndim. “Lion” məktəbinin yetirməsidir, böyük klubda olması hiss olunur. İnşallah, onu yanvarın 19-da “Rubin”lə yoxlama oyununda sınayıb, dəqiq qərarımı verəcəyəm”.

Əsədovun sözlərinə görə, başqa yeni futbolçularla danışıqları da davam etdirirlər. Ancaq onlar elə futbolçulardı ki, baxışa gəlmələrinə ehtiyac yoxdur: “Bu toplanışa daha baxışa gələn gözlənilmir. Ola bilər ki, yanvarın 20-də bitən bu hazırlıq mərhələsinə kimi transfer oldu və həmin yeni futbolçu düşərgəmizə gəldi. Bu, olmasa, Antalyadakı ikinci hazırlıq mərhələmizdə bizə qoşulacaq. Yeni qapıçı almaq gündəmdə qalır. Əsas qapıçımız Rauf Mehdiyev zədə, yaxud cəza problemi ilə üzləşsə, işimiz çətinləşəcək. Qapıçını sahə oyunçusundan fərqli birbaşa müqavilə bağlamaq yox, baxışdan keçirmək yaxşı olardı. Çünki onun səviyyəsi, çalışqanlığı məşqdə görünəcək. Yoxlama oyununda isə elə ola bilər ki, qapıya zərbə getməsin və onu iş başında görə bilməyəsən”.

Mehman SÜLEYMANOV