“Onlar “Xəzər”də təsadüfi adamlar idi”
19.01.2011 - 13:29
“Onlar “Xəzər”də təsadüfi adamlar idi”
“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi

- Yarandığı vaxtdan, yəni 6 ildir “Xəzər Lənkəran”dasınız. Bu müddətdə nə qazanmısınız?
- Doğurdan da, 6 ildir komandadayam. Arxada qalan müddətdə bu komandada ikinci ailəmi tapmışam. Bilirsiniz nəyə görə deyirəm? Çünki komandaya o qədər öyrəşmişəm ki, hətta 10-15 günlük istirahətdə olanda belə, uşaqları görmək istəyirəm. 6 il az müddət deyil. Bir sözlə, mən “Xəzər Lənkəran”la yaşayıram.

- Bəs bu müddətdə itirdiyiniz nəsə varmı?
- Xeyr, itirdiyim heç nə yoxdur.

- Ümumiyyətlə, “Xəzər Lənkəran”a gəlişiniz necə olub?
- Mənim “Palmali” Şirkətlər Qrupu ilə əvvəldən tanışlığım var idi. Mais müəllimi (“Xəzər Lənkəran”ın prezidenti - red) çoxdan tanıyırdım. Komanda yarananda mənə zəng etdilər. Dedilər ki, bəs komanda yaradırıq, istəsən, bizimlə işləyə bilərsən. Razılaşdım. İlk günlər komandada mətbuat katibi idim. 1 il bu vəzifədə işləyəndən sonra baş katib, ardından komandanın rəisi təyin olundum. Yəni, belə-belə komandada fəaliyyətimi davam etdirdim.

- İmkanlı komandalarda adətən rəhbər vəzifələrə klub prezidentinin öz yaxınları, qohum-əqrəbaları gətirilir. Amma Lənkəran komandasının rəisi qazaxlı, vitse-prezidenti isə yevlaxlıdır...
- Yox, bizim hansısa qohumluq əlaqələrimiz yoxdur. Görünür, öz işimdə məsuliyyətli olub, özümü doğrultmuşam ki, mənə indiyədək etibar ediblər.

- Maraqlıdır ki, 6 ildə 6 baş məşqçi ilə - Nazim Süleymanov, Rasim Kara, Viktor Pasulko, İqor Ponomaryov, Ağasəlim Mircavadov və Mirça Redniklə çalışmısınız. Onların hansı ilə işləmək daha rahat olub?
- Bizdə problemli məşqçi olmayıb. Amma düzünü deyim ki, hər birindən nəsə öyrənmişəm. Hər birinin ayrı-ayrı xarakteri olub. Həm də onların hamısı ilə işləməmişəm axı. Nə Nazim Süleymanovla, nə də Viktor Pasulko ilə.

- Bəs birgə çalışdığınız məşqçilərin fərqli və oxşar cəhətləri barədə nə deyə bilərsiniz?
- Təbii ki oxşar və fərqli cəhətlər var. Məsələn, Ağasəlim Mircavadovun üstünlüyü onda idi ki, yerli futbolçuları çox yaxşı tanıyırdı. Bilirdi ki, hansı futbolçu hansı mövqedə komandaya necə kömək edə bilər. Baş məşqçi təkcə taktiki gediş yox, həm də psixoloq olmalıdır. Rednikə gəlincə, öz sözünü demiş mütəxəssisdir. Ona böyük ümidlərimiz var. İnşallah, komandanı hədəfinə çatdıracaq.

- Siz həm də fərqli vitse-prezidentlərlə - Araz Nəsirov və Rəvan Bəşirovla çalışmısınız. Komandanın rəhbər vəzifələrində təsadüfi adamlar çalışıb, bu fikirlə razısınız?
- Məncə, elədir. Düzdü, həm Araz Nəsirov, həm də Rəvan Bəşirovun hər biri ilə cəmi 6 ay işləmişəm. Doğurdan da, fikirləşirəm ki, onlar komandada təsadüfi adamlar idi. Amma hazırkı vitse-prezident Tuyqun Nadirovun komandada vitse-prezident postunu tutması daha düzgün təyinatdır. Onun bu postda çalışması komandanın düzgün yolda olmasına şərait yaradır.

- Ümumiyyətlə, işiniz nədən ibarətdir və çoxmu olur? İşinizdən razısınız, yoxsa narazı?
- Əlbəttə razıyam.

- Məsələn, komanda Antalyada olduğu 9 gün ərzində Səməd Mustafayevin işi nə olub?
- Burda olduğumuz müddətdə komandaya 11 futbolçu qoşulub. Onların hər birinin meneceri ilə söhbət etmək, futbolçu ilə maraqlanmaq, onları oteldə yerləşdirmək... və s. Düzdür, futbolçunu baş məşqçi sınayır. Amma həmin futbolçu ilə mən də maraqlanmalıyam. Yəni ki, onlar bizim komandada nə qədər oynamaq istəyir, məqsədi nədir. Yoxlama görüşləri üçün rəqib tapmaq lazımdır. Bir sözlə, komanda toplanışda nədənsə narazı qalmamalıdır...

- Elə olubmu ki, sizin rəyinizdən sonra baş məşqçi bəyəndiyi futbolçudan imtina etsin?
- Yox, belə bir şey baş verməyib. Bu hardasa baş məşqçinin işinə qarışmaqdır. Bu isə düzgün deyil. Baş məşqçi klub prezidentinə tabe olan adamdır. Redniki gətirməkdə məqsədimiz çempion olmaqdır. Yəqin ki, o da bu məqsədə uyğun futbolçu gətirməlidir.

- Bəs elə olub ki, komandaya sizin məsləhət və ya istəyinizlə futbolçu götürsünlər?
- Xeyr.

- Bildiyimizə görə, komanda oyuna çıxanda siz sakitləşdirici həb qəbul edirsiniz...
- Düzdü, biz futbola kənardan baxırıq. Amma adam hərdən meydana çıxmaq istəyir. Öz-özümə deyirəm ki, məndə elə bir güc olaydı: futbolçularımızın boşa verdiyi qol epizodlarını reallaşdıra biləydim. Adama çox çətin gəlir. İdmanla çox maraqlanan insan olduğumdan, bəzən özümü onların yerinə qoyuram. Elə hisslər yaranır ki, meydana çıxıb komandaya bu uğuru qazandırmaq istəyirəm. Oyun vaxtı özümü cəmləşdirə bilmirəm, ona görə də həblərdən yararlanıram.

- Bir klubda fasiləsiz 6 il işləməyi hər adam bacarmır. Necə fikirləşirsiniz, artıq klub rəsmisi kimi tam püxtələşmisiniz?
- Nə bilim Vallah. Hər şey kənardan daha yaxşı görünür. Qoy, haqqımda başqaları danışsınlar.

- Keçək jurnalistlərlə münasibətə: Mətbuatdan niyə qaçırsınız?
- Nə bilim... Əslində, qaçmıram.

- Bəlkə sizin üçün maraqlı deyil. Bəzi klub rəsmiləri, konkret vitse-prezident tanıyıram ki, saytlara, qəzetlərə zəng vurub, ondan müsahibə götürməsi üçün dəridən-qabıqdan çıxır.
- Yox, qaçmıram. Amma jurnalistin dalınca qaçıb ona müsahibə və ya informasiya verəsi deyiləm ki... Kim nə sual veribsə, həmişə canla-başla cavab vermişəm. Amma bəziləri kimi, gündəmdə olmaqda maraqlı deyiləm.

- “Xəzər Lənkəran” rəsmisi kimi, bu, mətbuata neçənci müsahibənizdir?
- Bu, 100 faiz ikincidir. Amma deyəsən, 3 müsahibə vermişəm.

- Və sonda, ötən il subay idiz...
- Elə indi də subayam.

- 2011-ci ildə də subay qalacaqsınız?
- Bu, Allahın işidir.

- Planda nəsə var?
- Hələlik yox. Olan kimi, siz də biləcəksiniz...