Ərəblər “Bakı”dan qovulan məşqçini çağırır
19.01.2011 - 14:48
Ərəblər “Bakı”dan qovulan məşqçini çağırır
“Fəaliyyətimi tezliklə davam etdirmək niyyətində deyiləm. Bir müddət istirahət etməyim yaxşı olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq baş məşqçisi Vinfred Şafer deyib.

Paytaxt təmsilçisinin uğursuz nəticələrinə görə vəzifəsindən qovulan almaniyalı həmyerlilərinə müsahibəsində ürəyini boşaldıb. Müqavilə ola-ola yerinə yeni mütəxəssis gətirilən Şafer Asiyada çalışmaq perspektivindən danışıb: “Tezliklə işə başlaya bilərdim. Lakin istəmirəm. Yoxsa ki, Birləşmiş Ərəb Əmirliklərindən təklif almışam. Amma Ettlingendəki evimdə qalıb dincəlmək istəyirəm”.

Şafer “Bakı”dakı uğursuzluğunun əsl səbəbini də izah edib: “Avropa Liqasında başımıza gələnlər belimizi qırdı. Bu, klub rəsmilərinin uğursuzluğu idi. Bundan sonra futbolçuları kökləmək çətin idi”.

Qeyd edək ki, “Bakı” Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə cəzalı futbolçudan istifadə etmişdi. Joel Epallenin meydana çıxması komandanın qalib gəldiyi oyunun nəticəsinin ləğv olunub texniki məğlubiyyət verilməsinə səbəb olmuşdu.