Ruslan Poladov: Görsəm, bəlkə də sığortalanmaq olardı
20.01.2011 - 00:02
Ruslan Poladov: Görsəm, bəlkə də sığortalanmaq olardı
“Artıq Bakıya gəlmişəm. Evdən bayıra çıxmıram. Ayağımı yerə basa bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Poladov deyib.

Yanvarın 10-da “Xəzər Lənkəran”la Türkiyəyə yollanan Poladov Bakıya erkən döndü. Belə ki, Qazaxıstan “Atırau”su ilə matçda ayağından zədə alan futbolçu 45 gün yaşıl meydanlardan kənarda qalacaq.

Zədələndiyi anı xatırlayan futbolçu rəqibin açıq ayaqla onu vurduğunu deyib: “Cinahda cərimə meydançasına asma edirdim. Topu ötürdükdən sonra rəqib oyunçu açıq ayaqla ayağıma vurdu. Sözün düzü, oyunçunu görmürdüm. Görsəm, bəlkə də sığortalanmaq olardı”.

Zədəsi barədə də danışan futbolçu cərrahiyyə əməliyyatı olunacağını da istisna etmir: “Ayağım 45 gün gipsdə qalacaq. Sonra açıb baxacaqlar. Düzəlməsə, cərrahiyyə əməliyyatı olunacam. Bunun üçün Türkiyəyə getməyə ehtiyac olmayacaq”.

Komandasının hazırlıq prosesinə gəlincə, Ruslan nəticənin yaxşı olmamasını normal hesab edir: “Hər şey qaydasında gedir. Oyunlar zamanı məğlub olmağımız normaldır. Çünki baş məşqçi baxışa gələn futbolçuları yoxlayır. Buna görə də nəticə yaxşı olmaya bilər. Əsas odur ki çempionatda yaxşı çıxış edək”.