Ramiz Məmmədovun komandası almanlardan güclü oldu
20.01.2011 - 09:31
Ramiz Məmmədovun komandası almanlardan güclü oldu
Qazaxıstanın “Atırau” klubu azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ardıcıl 2-ci qələbəsini qazanıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Superliqa klubu Türkiyədəki ilk hazırlıq mərhələsində sonuncu yoxlama oyununda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi olan “Rot-Veyzerfurt”a 2:0 hesabı ilə qalib gəlib. Hər 2 qolu baxışda olan legionerlər vurub. Vaxtilə İsveçdə oynamış Alfre Emiofe 27-ci dəqiqədə hesabı açıb. Rumıniyanın ÇFR klubunun sabiq futbolçusu Oqbena Zitu 75-ci dəqiqədə 2-ci qolu vurub.

Qeyd edək ki, yeni ilin ilk günlərində “Atırau”nun sükanı arxasına keçən Məmmədov əvvəl yoxlama oyununda Albaniyanın “Besa” klubuna uduzdu (0:1), ardından “Xəzər Lənkəran”ı yendi (2:1). Almanlarla oyunla Antalyadakı ilk toplanışı bitirən Məmmədov komandasını istirahətə buraxaraq, bu gün vətənə dönəcək. Yanvarın 25-dan yenidən Antalyada hazırlığa başlayacaq “Atırau” fevralın 8-dək orada olacaq və son hazırlığı da orada keçirəcək. Qazaxıstan Superliqasında yeni mövsümün püşkü gələn ay atılacaq, çempionat isə martın ilk 10 günlüyündə start götürəcək.

Mehman SÜLEYMANOV