“Xəzər Lənkəran” yarımçıq matçın qalibi oldu - YENİLƏNİB
23.01.2011 - 20:26
“Xəzər Lənkəran” yarımçıq matçın qalibi oldu - YENİLƏNİB
2 həftədir Antalyada təlim-məşq toplanışı keçən “Xəzər Lənkəran” bu gün üçüncü sınaq matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın üçüncü rəqibi Ukrayna Premyer Liqasında 17 turdan sonra 19 xal toplamaqla, 11-ci pillədə qərarlaşan “Krivbass” idi.

Start fiti Bakı vaxtı ilə saat 19:00-da verilən oyun “Papillon” otelinin meydançasında baş tutub.

“Xəzər Lənkəran”ın start heyəti
Orxan Sadıqlı, Elnur Allahverdiyev, Elvin Beçiri, Rahid Əmirquliyev, Stelian Stanku, Simao Bruno, Andrey Muroşan, Alim Qurbanov, Elnur Abdulalyev, Uinston Parks

Komandamız 13-cü dəqiqədə hesabı açıb. Yeni futbolçu Muroşan Alim Qurbanovun ötürməsindən sonra topu qapıdan keçirib və lənkəranlılar fasiləyə qalib yollanıb.

Oyunun ikinci hissəsi başlandı. Güclü yağış altında keçirilən görüşdə komandaların səylərinə baxmayaraq, hesab dəyişmədi. Leysan oyunu bitirməyə imkan vermədi. Belə ki, son 15 dəqiqə bu səbəbdən oynadılmadığı üçün görüş 75-ci dəqiqədə dayandırıldı.

Nəticədə “Xəzər Lənkəran” Antalya toplanışında yarımçıq qalan oyunda, bu il ilk dəfə meydanı qalib tərk etdi.

Xatırladaq ki, cənub təmsilçisi öncə keçirdiyi hər iki oyunda məğlub olmuşdu. Mirça Rednikin komandası ilk görüşdə “Atırau”ya (Qazaxıstan) 1:2, ikinci matçda “Kasımpaşa”ya (Türkiyə) 1:4 hesabı ilə yenilmişdi.