İlya Kandelakidən görünməmiş rekord - FOTO
24.01.2011 - 13:15
İlya Kandelakidən görünməmiş rekord - FOTO
Bakının “İnter” klubunun gürcü futbolçusu İlya Kandelaki Azərbaycan futbol tarixində ilkə imza atdı. Apasport.az saytının hesablamalarına görə, təcrübəli müdafiəçi Azərbaycanda oynayan legionerlər arasında iki müxtəlif ölkənin klubu ilə “Birlik kuboku”nun qazanan ilk futbolçu oldu. Kandelaki 7 il öncə Tiflisin “Dinamo” klubunun heyətində bu qələbə sevincini yaşayıb. “Dinamo” 2004-cü ilin finalında Latviyanın “Skonto” klubuna 3:1 hesabı ilə qalib gəlmiş və bu, gürcülərin bu il iştirakdan imtina etdikləri “Birlik kuboku”nda yeganə uğurudur. “İnter”in ötən yay Avstriyanın “Şturm” klubundan transfer etdiyi Kandelaki müdafiənin sol cinahında oynayır. Əsas heyət oyunçusu olan 30 yaşlı legioner yığmasının üzvüdür.

“İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze 2006-cı ildə məhz Tiflis “Dinamo”sunun çalışdırıcı kimi turnirə gəlsə də, debütdə uğursuzluğa düçar olub. Belə ki, həmin vaxt qrupdan çıxa bilməyən komanda cəmi 1 xal toplayıb. Sxadadzenin 2-ci cəhdi “İnter”lə uğurlu oldu.

Qeyd edək ki, ölkəmizdəki legionerlər arasında Vadim Borets adını “Birlik kuboku”nun tarixinə qızıl hərflərlə yazdırıb. “Bakı”nın moldovalı legioneri 3 müxtəlif klubla – vətənində “Zimbru” və “Şerif”, ölkəmizdə “Neftçi” ilə finala çıxan yeganə futbolçudur. Borets komandamızla 2006-cı ildə qalib olub. “Birlik kuboku”nda 38 oyun keçirən Borets bu siyahıda 3-cü olaraq, yalnız Riqanın “Skonto” klubunun latviyalı futbolçuları – Mixail Zemlinski (46 oyun) və Oleq Blaqonadejdindən (40) geri qalır.

Mehman SÜLEYMANOV