“Neftçi” üçün 3 minlik stadion
24.01.2011 - 16:46
“Neftçi” üçün 3 minlik stadion
Azərbaycan Premyer Liqasına ciddi hazırlaşan Bakının “Neftçi” klubu təlim-məşq toplanışının II mərhələsini keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Bakı-İstanbul-Antalya reysi ilə səfərə çıxan “ağ-qaralar” günorta saatlarında mənzil başına yetişib. Komanda üzvləri “Mardan” İdman Kompleksində məskunlaşıblar.

“Neftçi”nin əsas üzvlərindən yalnız Alessandro Viana da Silva hazırlıqda iştirak etməyəcək. O, zədəsini müalicə etdirmək məqsədilə Braziliyaya yollanır. Bununla belə, komandanın makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgiveski də Antalyada flaqmanın düşərgəsindədir. Həmçinin, əvəzedici heyətdən Malik Babayev, Eltun Yaqublu və Kərim Diniyev Antalyaya aparılıb.

Paytaxt klubu II təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə bu gün Bakı vaxtı ilə saat 19:00-da çıxacaq. Antalyada “Mardan” İdman Kompleksinə məxsus 3 min azarkeş tutumu olan stadion da “Neftçi”nin ixtiyarına verilib. Bu meydançada yalnız “Neftçi”nin futbolçuları məşq edəcək və nəzərdə tutulan yoxlama görüşlərindən bir neçəsi bu arenada baş tutacaq.

Xatırladaq ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.

Mənbə: neftchifc.com