“O vaxt erməniləri yaralamışdıq, indi isə öldürdük”
25.01.2011 - 17:14
“O vaxt erməniləri yaralamışdıq, indi isə öldürdük”
“Birlik kuboku” turnirinin qalibi olan “İnter” klubunun baş direktor müavini Səbuhi Səfiyarlının apasport.az saytına müsahibəsi

- Komandanızda 2-ci dəfə kubok sevincini yaşayan yeganə azərbaycanlısınız. Öncə turnirlə bağlı fikirlərinizi bilmək istərdik...
- Bundan əvvəl 2 dəfə - 2005 və 2006-cı illərdə “Neftçi” ilə “Birlik kuboku”nda olmuşdum. Təşkilatçılıq baxımından bu turnir çox yaxşı səviyyədə idi. Moskvada keçirilmiş əvvəlki turnirlər bu cəhətdən bir az “axsayırdı”. Ancaq indi belə deyildi. Hiss olunurdu ki, təşkilatçılıq məsələsinə ciddi yanaşırlar, komandaların tələblərini yerinə yetirməyə çalışırlar. Biz də komandaya lazımı şəraitin yaradılması üçün təşkilatçılardan hər şeyi xırda detallara kimi tələb etmək istəyirdik. Qrup oyunlarından sonra keçirilən rəsmi ziyafətdə vurğulandı ki, “İnter”ə öz tələbləri ilə bizi peşəkar səviyyədə işləməyə məcbur etdiyi üçün təşəkkür edirik. Bu göstərir ki, komandamız yarışa çox ciddi məqsədlərlə gəlib. Fikrimcə, Kiyev “Dinamo”su yarışa zəif heyətlə qatılmışdı. Qalanları yarışda iştirak edirdilərsə, maksimum nəticə qazanmağa çalışırdılar. Belə fikirlər də vardı ki, guya turnir əhəmiyyətini itirib, heç kimə lazım deyil. Ancaq yenə iştirak edəndə görürsən ki, turnir kiməsə lazımdır, nəsə maraq var. Onsuz da Rusiya və Ukraynanın digər MDB ölkələrindən çox-çox qabaqda olduğunu sübut etməyə ehtiyac yoxdur. Onlar iştirak etsələr də, etməsələr də, hamı bilir ki, həmin 2 ölkə MDB-də hamıdan qabaqdadırlar.

- “İnter” rəhbərliyi hələ yarış öncəsi Sankt-Peterburqa kuboku qazanmaq üçün gedəcəklərini bəyan etmişdilər. Bu mənada qazanılan uğur sizin üçün gözlənilməz sayılmadı?
- Baş məşqçi deyirdi ki, yarışda iştirak ediriksə, 1-ci yeri tutmalıyıq, başqa nəticə bizim üçün uğur sayılmayacaq. Oyunların gedişi də göstərdi ki, həqiqətən “İnter”lə rəqabət apara biləcək tək-tük komanda var. Futbolçularımız demək olar bütün görüşlərdə oyunun taleyini əvvəldən həll edirdi. Onlar da öz işlərinə çox ciddi yanaşırdılar, məsuliyyəti dərk edirdilər. Hər oyunda böyük hesabla qalib gəlsək də, heç birində futbolçularda arxayınçılıq yox idi. Yarımfinalda “Zenit”i 5:0 hesabı ilə udsaq da, bu komanda finaldakı rəqibimiz “Şaxtyor”la qrupda heç-heçə (1:1) oynamışdı. Demək olmaz ki, hər şey aydın, göz qabağında idi. Digər komandalarla – “Skonto” və “Şaxtyor” nümayəndələri ilə söhbət edərkən, onlar əvvəldən bizimlə finalda görüşəcəklərini deyirdilər. Hamı 2-3 oyundan sonra “İnter”i finalda görürdü. Çünki oyunun səviyyəsi, təşkili, futbolçuların, məşqçi heyətinin işə münasibəti komandamızın həqiqətən rəqiblərindən bir addım qabaqda olduğunu göstərirdi.

- Maraqlıdır ki, Azərbaycan klubları “Birlik kuboku”nda 3 dəfə ermənilərlə qarşılaşıb və qalib gəldiyimiz həmin oyunların yeganə iştirakçısınız...
- Ermənilərin qrupdan çıxmaq şansı çox az idi. Bunun üçün “Tobol” 3 top fərqi ilə uduzmalı, “Mika” “Skonto”ya 2:1 hesabı ilə qalib gəlməli idi. Bu zaman ermənilər topların daha yaxşı fərqinə görə qrupdan çıxacaqdı. Ona görə ehtimal çox az idi və ermənilərlə düşəcəyimizi gözləmirdik. Rəqibləri, oyunlarını, iştirak ərizələrini təhlil edəndə, bunu “Tobol” və “Skonto” ilə bağlı edirdik. İlk oyundan sonra göründü ki, “Bunedkor” qrupdan çıxmaq gücündə deyil. Hətta 1/4 finalda “Tobol”la düşmək ehtimalına görə Antalyada təlim-məşq toplanışında olduğumuz zaman məşqçi heyəti rəqibin oyununa baxmağa getmişdi. Turnirdə oyunumuzdan sonra qalıb, “Tobol”la “Skonto”nun matçlarına baxırdıq. “Tobol”u gözlədiyimizdən, heyətinə baxıb, təhlil edirdik. Ancaq qəfildən ermənilər bizə rəqib oldu və yığdığımız materiallar, təhlillərin hamısı demək olar boşa getdi. Yenidən bu işə başlayaraq, artıq başqa rəqibi araşdırmalı olduq. Ermənilərin qrupda oynadıqları komandalara müraciət etməli olduq. Düzdür, “Mika”nın qrupda 2 oyununa – “Tobol” və “Skonto” ilə görüşünə baxmışdıq. Yadımdadır, “Neftçi” ilk dəfə “Pünik”lə görüşəndə də “Skonto” amili vardı. Çünki latviyalılar “Pünik”in qrupdan çıxmaması üçün qrupda son oyunda onlara uduzmamalı idi. Elə oldu ki, “Skonto” həmin görüşdə uduzdu. Bu dəfə də ermənilər onun hesabına qrupdan çıxdı.

- İstənilən halda, ayağınız düşərli olur. Ermənilərlə hər üç görüşümüzdə qalib gəlmişik...
- Ermənilər bizə rəqib olan gündən baş məşqçimiz onlar haqda maksimum məlumat toplamaq, oyunlarının disklərini tapmaq haqda göstəriş verdi. Biz təhlil qrupu, məşqçi heyəti ilə birgə bunu çalışdırıcıya təqdim etdik. Ermənilərlə qrupda son matçımızın ertəsi günü oynayırdıq. Baş məşqçimiz demək olar həmin gecə yatmadı, “Mika”nın hər 3 oyununa baxdı, rəqibi təhlil etdi. Bu isə nə qədər vaxt apardı. Nəticə onu göstərdi ki, erməniləri düz təhlil etmişdik. “Mika”da qapıçı Kasparov daxil olmaqla, 2-3 futbolçu “Pünik”in heyətində bizə qarşı oynamışdı. Çox adam deyir ki, “İnter”də legionerlər çoxdu deyə, problem olmayacaq. Ancaq əksinə, legionerlərə bunu anlatmaq daha çətin idi. Azərbaycanlı başa düşür ki, erməni düşməndir. Ancaq legionerin bunu necə başa düşdüyünə heç kim zəmanət verə bilməz. Bununla belə, əcnəbilər nə istədiyimizi yaxşı dərk etdilər. Onlar oyundan sonra bütün azərbaycanlıları, rəhbərliyi, texniki heyəti təbrik edirdilər. Legionerlərimiz dedilər ki, bu görüşü Azərbaycana görə oynadıq.

- Ermənilər üzərində bu qələbələrdən hansı sizin üçün daha yaddaqalan oldu?
- Bütün qələbələr yadda qalır. İstəyir Ermənistanın 1-ci, yaxud axırıncı komandası olsun, fərqi yoxdur, qalib gəlməlisən. Qarşındakı ermənidirsə, nəyisə fərqləndirmək düzgün olmazdı. Oyunun ilk hissəsində latviyalı hücumçumuz Girts Karlsonla “Mika”nın müdafiəçisi arasında toqquşma oldu. Nəticədə erməni gözündən zədələnərək, əvəzləndi. Ancaq o, meydandan çıxmaq istəmirdi. Bununla, bizə qarşı hirsini, nifrətini göstərirdi. Erməniyə meydana girmək olmazdı və buna görə həkimlər onu tutub saxlayırdılar. Bununla belə, həkimin əlindən qaçaraq, meydana qayıtdı ki, nəsə etməliyəm. Sonradan “Mika”nın baş məşqçisi onu məcburən əvəzlədi. O da söyə-söyə meydandan çıxdı. Yerinə daxil olana əli ilə göstəriş verirdi. Mimikasından başa düşülürdü ki, komanda yoldaşına “nə edirsən et, rəqibi sındır, uduzmayaq” deyirdi. Bu, ermənilərdə nə qədər nifrət olduğunu göstərir. Kimsə deyir ki, ermənilər üçün Azərbaycanla oyunun əhəmiyyəti yoxdur, boş şeydir. Əslində, necə olduğunu orda görmək lazımdır.

- “Mika” komandamıza 4:0 hesabı ilə uduzdu. Belə aqibətlə üzləşməyən “Pünik”in ondan güclü olduğunu demək olarmı? Yəni, Ermənistan klublarını müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?
- “Mika” da zəif komanda deyil. Ancaq onların turnir cədvəlinə baxsaq, əlbəttə, “Pünik”dən geri qalır. “Pünik” çempiondur, Ermənistan futbolunun lideridir, bir çox futbolçuları yığmalarında oynayır. İstənilən halda, Ermənistan futbolunun səviyyəsinin bizimkinə çatmağına çox var. Biz “Mika”ya 4 cavabsız qol vurduq. Ancaq belə götürəndə, “İnter” də onlar kimi hazırda 4-cü yerdədir.

- “Neftçi” erməniləri məğlub edib, “Birlik kuboku”nu qazananda siz klubun mətbuat xidmətinin rəhbəri idiniz. İndi isə digər Bakı komandasında, amma rəhbərlikdə yer almısınız. Fərq təkcə komandalarda, vəzifələrin dəyişməsindədir?
- Orda komandanı fərqləndirmirlər. Oteldə deyəndə ki, mənə filan şey lazımdır, soruşurlar, hansı komandasınız? “İnter” söyləyəndə, deyir, yox, hansı ölkədir? Cavab verirsən ki, Azərbaycan. Oteldə qeydiyyatdan tutmuş təşkilatçılara qədər hər yerdə ilk növbədə ölkənin adını yazırlar. Əsas ölkənin qazanmağıdır. Azərbaycan artıq 3-cü dəfə “Bilik kuboku”nun qalibi oldu. Buna qədər “Neftçi” və “Xəzər Lənkəran” kuboku Bakıya gətirmişdi. Təşkilatçılar qeyd edirdilər ki, Azərbaycan komandaları həmişə bura favorit kimi gəlirlər. Hesab edirəm ki, “Birlik kuboku”na gedirsənsə, güclü komanda ilə qatılmalısan. Əvəzedici, yaxud zəif komandanı göndərə bilərsən, amma gedib ermənilərlə düşə bilər. Bu zaman məğlubiyyət bizim üçün biabırçılıq olar.

- Şəxsən sizin üçün “Birlik kuboku”nda uğurların hansı daha önəmlidir?
- Fərqləndirmək istəməzdim.

- “İnter”in futbolçularından Aleksandr Çertoqanov və Valeri Abramidze ilə 2006-cı ildə “Birlik kuboku”nun qalibi olduğunuz zaman “Neftçi”də bir yerdə idiniz. Onlarla həmin vaxtı xatırladınızmı?
- “Mika” ilə oynayacağımız bilinəndə zarafatla mənə dedilər ki, sən yenə gəldin, ermənilər düşdük. Biz oyundan əvvəl ermənilər haqda çox söhbət etmirdik. Onlarla oyunu özümüzə problem etmirdik. Sadəcə, oyundan öncə təşviş, ajiotaj yaranmamağını istəyirdik. Legionerlər ermənilərlə oyunun bizim üçün nə demək olduğunu bilirdilər. Görüşdən sonra dedilər ki, biz ermənilərə heç vaxt uduzmamışıq, uduzmayacaqdıq da. Oyundan əvvəl himn olmasa da, azarkeşlərimiz özləri onu axıradək oxudular. Onların da qələbəmizdə böyük əməyi oldu.

- Qələbədən sonra sizə Azərbaycandakı futbol adamlarından zəng edib, təbrik edənlər oldu?
- Çox. Əvvəlki komandada qalib gələnlər, “Neftçi”də bir yerdə işlədiyim adamlar idi.

- İki dəfə “Birlik kuboku”nun qalibi olan baş məşqçi Ağasəlim Mircavadov?
- Onun köməkçisi olmuş Tofiq Mustafayev zəng etmişdi. Onda zəng edənlərə dedim ki, biz onda qələbənin əsasını qoymuşduq, indi davam etdirdik. O vaxt erməniləri yaralamışdıq, indi isə öldürdük.

Mehman SÜLEYMANOV