“Azərbaycan futbolunun daha böyük inkişafına inanıram”
25.01.2011 - 18:48
“Azərbaycan futbolunun daha böyük inkişafına inanıram”
“Qalatasaray” klubunun sabiq futbolçusu, UEFA kubokunun qalibi Okan Burukun apasport.az saytının Antalya şəhərinə ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

- “Qalatasaray” və Türkiyə yığması ilə böyük uğurlar qazanan, İtaliyanın “İnter” klubunda oynamış Okan Burukun Azərbaycan futbolu haqda fikirlərini öyrənmək maraqlıdır...
- Təbii ki, Azərbaycanı qardaş ölkə kimi görürük. Azərbaycan hər zaman bizim dostumuz, qardaşımızdır. Bizim ölkənizə münasibətimiz dəyişməzdir. Bildiyimə görə, futbolunuza dövlət səviyyəsində böyük diqqət, qayğı var. Bunun nəticəsində Azərbaycan futbolu irəliyə gedir. Bütün bunlar bizləri sevindirir. İnkişafda olan futbolunuzda çalışan çoxlu həmyerlilərimiz var. Bunlar Türkiyədən gələn həm məşqçilər, həm də futbolçulardır. İnşallah, gələcəkdə Azərbaycan futbolu çox yaxşı olacaq. Yavaş-yavaş uşaq futbolu, klub infrastrukturuna diqqət yetirilir. İrəlidə futbolunuzun yüksək səviyyədə olacağına, daha böyük inkişafına inanıram.

- Vaxtilə yığmanızın heyətində milli komandamıza qarşı oynamış, Bakıya gəlmisiniz. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunlarını necə xatırlayırsınız?
- Bakıda 1:0, İstanbulda 3:0 hesablı qələbə qazandığımızı xatırlayıram. Həmin vaxt dünya çempionatında çıxışımız uğurlu alındı və 3-cü yeri tutaraq, bürünc medal qazandıq.

- Ancaq indi yığmamız həmin vaxtla müqayisədə güclüdür. Təsadüfi deyil ki, ötən ilin oktyabrında elə Türkiyə yığmasına Bakıda 1:0 hesabı ilə qalib gəldik. Həmin vaxt millinizə koordinator təyin olundunuz. Yeni işinizdə ilk olaraq Bakıda məğlubiyyətə üzülmədiniz?
- Təbii ki, bu məğlubiyyət bizim üçün üzücüdür. Biz 2012-ci il Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparırıq. Bu mənada Bakıda uduzmaqla, vacib 3 xal itirdik. Bu, yığmamız üçün pis nəticədir. Avropa çempionatına çıxmaq yolunda işimizi çətinləşdirdik. Ancaq ruhdan düşmürük. Çünki növbəti oyunlarda qalib gəlib, xal ehtiyatımızı artıra, bununla da turnir cədvəlində vəziyyətimizi düzəldə bilərik.

- Seçmə mərhələnin sonunda yığmamızı qəbul edəcəksiniz. Həmin görüşdə Azərbaycan millisinə qalib gələ biləcəksiniz?
- İnşallah, buna nail olarıq. Azərbaycan yığması yaxşı komandadır. Son illərdə daha irəliləyib. Ancaq bununla belə, millinizlə görüşdə meydana qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatıb, Avropa çempionatının final mərhələsinin iştirakçısı olacağıq.

- Azərbaycandan tanıdığınız, bəyəndiyiniz hansı futbolçuları qeyd edə bilərsiniz?
- Tanıdığım azərbaycanlı futbolçular çoxdur. Bildiyimə görə, Türkiyədə oynayan futbolçularınız var. Daha çox Rəşad Sadıqovu tanıyıram. Çünki Türkiyədə bir neçə klubun heyətində Superliqada oynayıb. Yeri gəlmişkən, millimizə qolu da yığmamızın kapitanı olan Sadıqov vurdu.

- “Qalatasaray”da və yığmada komanda yoldaşınız Bülənt Korkmaz da ölkəmizdə çalışdı...
- Elədir. O da dostumuzdur. Bilirəm ki, Korkmaz “Bakı” klubunun baş məşqçisi oldu. O da “Bakı”, ölkəniz haqda xoş sözlər dedi. Korkmaz da gələcəkdə futbolunuzda gözəl şeylərin olacağına inanır.

- Gələcəkdə ölkəmizdə işləmək istərdiniz?
- Bunu zaman göstərər. Hər şey xeyirli olsun.

- “Qalatasaray”ın Azərbaycanda fanatları çoxdur...
- Doğrudur. Bunu bilirik. O vaxt “Qalatasaray”ın heyətində böyük uğurlara imza atdıq. Azərbaycandakı azarkeşlər də buna eyni şəkildə sevinmişdilər. Biz bundan çox məmnunuq. Azərbaycanda çoxlu pərəstişkarlarımızın olması bizi sevindirir. Onların hamısına salamlarımı, xoş arzularımı çatdırıram.


Mehman SÜLEYMANOV