Maris Verpakovskisi “Bakı”ya gətirirlər
26.01.2011 - 11:49
Maris Verpakovskisi “Bakı”ya gətirirlər
Latviya futbolunun əfsanəsi Maris Verpakovskis karyerasını “Bakı” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Latviya mətbuatı milli komandalarının futbolçusunu Azərbaycan kubokunun son qalibinə keçəcəyini iddia edirlər. Onlar həmyerliləri Aleksandr Starkovun yeni təyin olunduğu komandada Maris kimi oyunçuya ehtiyacı olduğunu düşünürlər.

Mütəxəssisin komandasına latviyalı gətirəcəyini, tanınmış və oyununa bələd futbolçu transfer edəcəyini deməsi də həmkarlarımıza əsas verib. Maris demək olar ki, ən məşhur latviyalı futbolçudur. 32 yaşlı hücumçu uzun illər “Skonto” və yığmada Starkovun rəhbərliyi altında çıxış edib. Çıxış etdiyi Yunanıstanın “Erqotelis” klubunda heyətə düşə bilməyən hücumçunun da bu təklifi müsbət qarşılayacağı bildirilir.

Qeyd edək ki, Latviya yığmasında 82 oyuna 27 qol vuran Verpakovskisin hələ 2,5 il əvvəl də ölkəmizə gəlmək variantı gündəmdə idi. Lakin həmin vaxt Bakının “İnter” klubu onun transferini həll edə bilmədi.