“Abşeron” Türkiyədə rəqib tanımır
26.01.2011 - 14:34
“Abşeron” Türkiyədə rəqib tanımır
Qış hazırlıq dövründə Antalyada təlim-məşq toplanışı keçirən “Abşeron” klubu Türkiyədə ilk yoxlama oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının I divizionunun vahid lideri bir gündə keçirdiyi hər 2 qarşılaşmada qalib gəlib.

Mirbağır İsayevin yetirmələrinin ilk qarşılaşmadakı rəqibi Almaniyanın Regional liqasında çıxış edən “Wupertall” komandası olub. Görüş abşeronluların 4:2 hesabı ilə qələbəsi ilə nəticələnib. Həmin gün daha bir qarşılaşma Qazaxıstanın Super liqasında qərar tutan “Akjayık” komandası ilə baş tutub. Gərgin keçən oyun təmsilçimizin qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, I Divizionda 35 xalla liderlik edən və I dövrədə keçirdiyi 13 oyunu 11 qələbə, 2 heç-heçə ilə tamamlayan “Abşeron” komandası təlim-məşq toplanışı keçirmək üçün tam heyətlə Antaliya şəhərinə yanvarın 23-də yola düşüb.