“İnter” Antalyada rusiyalı futbolçu sınayacaq - FOTO
26.01.2011 - 15:24
“İnter” Antalyada rusiyalı futbolçu sınayacaq - FOTO
Bakının “İnter” klubu heyətində “Birlik kuboku” turnirin qalibi olan rusiyalı futbolçu Sergey Yeqorovu bir daha sınayacaq. Klubun prezidenti Georgi Nikolov apasport.az saytına açıqlamasında 28 yaşlı cinah yarımmüdafiəçisi ilə bağlı son qərarın verilmədiyini bildirib: “Onu Türkiyənin Antalya şəhərindəki 2-ci təlim-məşq toplanışına cəlb edəcəyik. Baş məşqçimiz Sxadadze Yeqorova bir daha baxacaq. Həmin vaxt onun taleyinə aydınlıq gələcək. Şəxsən mən Sergeyi bəyəndim. Onun ilk növbədə futbol biliyi xoşuma gəldi. Ancaq istənilən halda, son qərarı baş məşqçimiz verəcək”.

“Birlik kuboku”da sonradan da olsa mütəmadi meydana çıxan Yeqorov debütdə Qırğızıstanın “Neftçi” klubuna böyük hesabla qalib gəldikləri oyunda (3:0) qol vurdu. Karyerası vətənində aşağı divizionla bağlı olan Sergey “Arsenal” (Tula), “Spartak (Şelkovo), Lokomotiv (Çita), “Torpedo” (Vladimir), “Ural”, “Metallurq-Kuzbass”, “Baltika”, “Luç-Enerji”də oynayıb.

Qeyd edək ki, “İnter” sabah Türkiyənin Antalya şəhərində 2-ci hazırlıq mərhələsində bir araya gələcək.

Mehman SÜLEYMANOV