“Onlar məcbur olub, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər”
02.02.2011 - 00:07
“Onlar məcbur olub, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər”
"Əvvəlki oyunlarla müqayisədə, bu qarşılaşma kobud oldu. Rəqib atletik futbola üstünlük verirdi. Biz texnikalı oyun nümayiş etdirdiyimizdən, onlar məcburiyyət qarşısında qalıb, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

Antalyada yoldaşlıq oyunu çərçivəsində "Çelik Zenitsa" (Bosniya və Herseqovina) üzərində qazanılan qələbədən (1:0) sonra fikirlərini açıqlayan Əsədov bildirib ki, nəticə futbolçuların əhval-ruhiyyəsini daha da yaxşılaşdırıb: "Çelik Zenitsa"nın kobud oynamasına baxmayaraq, "Neftçi"nin futbolçuları sonadək mübarizə apardılar. Məhz mübarizliyin sayəsində qalib gəldik. Oyun üslubumuzu qoruyub saxlamağa çalışırdıq. İkinci hissədə Flavinyonun meydana daxil olması ilə təşəbbüsə tam yiyələndik. Qələbə topunu da elə onun ötürməsindən sonra Bahodir Nasimov vurdu. Bu, bizim ardıcıl 3-cü qələbəmizdir. Təbii ki, qalibiyyətləri sıralamağımız, komandanın düşərgəsində əhval-ruhiyyənin daha da yaxşılaşmasına səbəb olur. Yenə də gənclərin hamısına oynamaq şansı verdik. Fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində axırıncı yoxlama matçını keçirəcəyik. Bundan sonra Premyer Liqa üçün heyəti müəyyənləşdirəcəyik".