Mahmud Qurbanov: Starkov həm tələbkar, həm də ədalətlidir - MÜSAHİBƏ
02.02.2011 - 10:16
Mahmud Qurbanov: Starkov həm tələbkar, həm də ədalətlidir - MÜSAHİBƏ
"Bakı"nın veteran futbolçusu Mahmud Qurbanov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Türkiyənin Antalya şəhərindəki hazırlıqlar haqda fikirlərini açıqlayıb.

- Mahmud, Antalyada işlər necə gedir?
- Bütün Azərbaycan azarkeşlərini salamlayıram. Hazırlıq prosesinə gəldikdə, komandamız gündə iki dəfə olmaqla intensiv məşqlər keçir. Bundan əlavə nəzəriyyə məşğələlərimiz olur. Həmçinin də, yoldaşlıq oyunları keçiririk. Dünən (31 yanvar 2011) Rumıniya yüksək liqa komandası "Panduri" ilə oynadıq və qaıib gəldik.

- Futbolçular yeni baş məşqçi ilə dil tapa biliblər?
- Baş məşqçimiz Aleksandr Starkov əsl peşəkardır, qısa zamanda futbolçuların rəğbətini qazanıb. Həm tələbkar, həm də ədalətlidir. Münasibətlər öz qaydasındadır, uşaqlar Starkova böyük hörmətlə yanaşırlar. Məşqçi hamıya şans verir, biz də can yandırırıq ki, etimadı doğruldaq.

- Komandanın təlim-məşq toplantısına dəvət olunan Nurlan Novruzov və Nicat Abdullayev barədə nə deyə bilərsiniz?
- Nurlan Novruzov və Nicat Abdullayevin hər ikisi istedadlı uşaqlardır. Onlarda böyük potensial görürəm. İnanıram ki, inkişaf edib, yüksək səviyyəli futbolçu kimi yetişəcəklər. Klubumuzda gənclərlə iş ən yüksək səviyyədə qurulub. Bunun nəticəsi kimi iki 18 yaşlı yetirməmiz artıq əsas komandaya cəlb olunub.

- Komanda Premyer Liqa və kubok oyunlarına hazırdırmı?
- Deməzdim ki, 100% hazırıq. Ancaq yaxın günlərdə daha yaxşı vəziyyətdə olacağıq. Komandada əhval-rihiyyə yüksəkdir, uşaqlar "Bakı" forması geyməyin məsuliyyətini anlayırlar. Sizi əmin edirəm ki, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnşallah, fevralda tam fərqli "Bakı" görəcəksiniz.
0