Məğlubiyyətlə başladıq - YENİLƏNİB
02.02.2011 - 17:55
Məğlubiyyətlə başladıq - YENİLƏNİB
Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Berti Foqtsun yetirmələrinin Asiya toplanışındakı ilk rəqibi yığma yox, klub olub. Belə ki, millimiz Ukraynanın “Metallist” klubu ilə yoxlama matçında qüvvəsini sınayıb.

AZƏRBAYCAN – “METALLİST” (UKRAYNA) - 0:1
QOL: Oleynik, 85
Hakimlər: Sulatn Abed Razaq, İsbet Abed, Handan Katr (hamısı Birləşmiş Ərəb Əmirlikləri)

Oyuna 1 saat qalmış Xarkov təmsilçisinin prezidenti Aleksandr Yaroslavski də stadiona təşrif buyurub. O, narın yağış altında matçı izləyənlərə qoşulub.

Komandalar meydana bu heyətlərlə çıxıblar:
AZƏRBAYCAN:
Andrey Popoviç, Ruslan Abışov, Vurğun Hüseynov, Samir Abasov (k), Aleksandr Çertoqanov, Elnur Abdullayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Arif İsayev, Samir Zərgərov, Vaqif Cavadov
METALLİST:
Vladimir Dişlenkoviç, Sergey Pşeniçnıx, Milan Obradoviç (k), Sergey Berezovçuk, Vitali Bordiyan, Şarpar, Sergey Valyayev, Fininyo, Denis Oleynik, Barsellos Tayson, Conatan Kristaldo

Millimiz görüşü nömrələr yazılmayan formalarla keçirib. Bu da qarşılaşmanın daha çox məşq, iki tərəfli oyun xarakteri daşımasını göstərir. Oyunun ilk 5 dəqiqəsində mübarizə əsasən mərkəzdə getsə də, ukraynalılar üstünlüyü ələ keçirməyə nail olublar.

Düzdür, Taysonun 6-cı dəqiqədə endirdiyi və Andrey Popoviçin məharətini göstərdiyi epizoda yığmamız az keçməmiş cavab verib. Lakin cərimə meydanına daxil olan futbolçumuzu Şarpar dayandırıb. İlk yarı boyu fəal olan Tayson-Oleynik cütü ilə yanaşı, Kristaldo da komandamıza çətinliklər yaşadıb.

Popoviç və müdafiəçilərimizin fədakarlığı sayəsində Taysonun qarşısını almaq mümkün olub. Onun komandamızın cərimə meydanından uzaqlaşmaq istəmir. Buna baxmayaraq, futbolçularımız fasiləyə kimi hesabdakı tarazlığı qorumağa nail olublar.

Xarkovlular ikinci hissəyə dəyişikliklərlə çıxıblar. Onlar Dişlenkoviçi Startsev, Pşeniçnıxı Romançuk, Fininyonu Blanko ilə əvəzləyiblər.
Elə millimiz də ikinci hissəyə 3 əvəzetmə ilə başlayıb. Belə ki, Berti Foqts Vaqif Cavadov, Samir Zərgərov və Elnur Abdullayevin yerinə meydana Fabio Luis Ramim, Elvin Məmmədov və Rail Məlikovu buraxıb.

Lakin oyunun ssenarisi 2-ci hissədə də dəyişməyib. Artıq 49-cu dəqiqədə müdafiə olunan müdafiəçilərimizdən biri Taysonu dayandırdığı üçün sarı vərəqə ilə cəzalanır. Ukraynalılar hücum etməkdən yorulub və bu səbəbdən əvvəl Tayson, sonra Kristaldo meydanı tərk edib. Onları Lısenko və Pişur əvəzləyib.

Aramsız hücumlar daha bir futbolçumuzun cəzalanmasına səbəb olub. 59-cu dəqiqədə hakim 2-ci dəfə oyunçumuza sarı vərəqə göstərib. 68-ci dəqiqədə yığmamızın ifasında nadir təhlükələrdən biri nəticəsiz qalıb. 75-ci dəqiqədə yenə müdafiə zamanı yol verilən kobudluq üzündən 3-cü dəfə hakim futbolçumuza sarı vərəqə göstərib.

85-ci dəqiqədə Oleynik ilə Lısenkonun paslaşması nəticəsində Denis cərimə meydançamıza daxil olur və hesabı açıb. Bundan sonra fəallaşan yığmamız tezliklə hesabı bərabərləşdirmək imkanı qazansa da son anda hücumçumuz dəqiq olmayıb. Matçın sonlarında xarkovluların hesabı artırmaq cəhdi də uğursuz alınıb. Oyun elə “Metallist”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.