UEFA Azərbaycanla Ermənistanı eyni qrupa salmayacaq
02.02.2011 - 14:00
UEFA Azərbaycanla Ermənistanı eyni qrupa salmayacaq
Sabah 21 yaşlı futbolçulardan ibarət yığma komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsi İsraildə keçiriləcək Avro-2013-seçmə mərhələsinin püşkü UEFA İsveçrədəki mənzil-qərargahı olan Nyon şəhərində atılacaq.

Komandaların hansı səbətlərdə yer alacağı bir neçə gün öncə müəyyənləşib. 2007-ci ildən indiyə qədər nəticələri nəzərə alan UEFA iştirakçıları 5 səbətə bölüb. Azərbaycan 5-ci, ən zəiflərin yer aldığı səbətdə qərarlaşıb. Bu da yığmamızın uzun illər qələbəyə həsrət qalması, uğursuz nəticələri ilə bağlıdır. Komandalar seçmə mərhələdə 10 qrupa bölünəcək. 2 qrupda 6, digərlərində 5 komanda yarışacaq.

UEFA milli komandaların Avro-2012-nin seçmə mərhələsində olduğu kimi, bəzi məhdudiyyətlər qoyub. Belə ki, Rusiya Gürcüstanla, Azərbaycan Ermənistanla bir qrupa düşə bilməz. Hərçənd onlar ayrı səbətlərdə olduqlarından, eyni qrupa düşmək imkanına malikdirlər. Ancaq UEFA bu ölkələr arasında gərgin münasibəti nəzərə alaraq, əlavə problem yaratmaq istəmir. UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bütün yarışlardan kənarlaşdırılmaq təhlükəsi olan Ukrayna ilə Bosniya və Herseqovina 6 komandadan ibarət qruplara salınacaq. İsrail meydan sahibi kimi birbaşa final mərhələsində qatılmaq hüququna malikdir. Qalan 7 vəsiqənin sahibi qruplardakı mübarizədən sonra müəyyənləşəcək.


I: Rusiya, İngiltərə, İspaniya, Hollandiya, İtaliya, İsveç, Çexiya, Serbiya, Almaniya, Rumıniya.

II: İsveçrə, Uels, Belarus, Fransa, Ukrayna, Türkiyə, Avstriya, Portuqaliya, Danimarka, Belçika.

III: Xorvatiya, Macarıstan, Şotlandiya, Yunanıstan, İslandiya, Slovakiya, Moldova, Finlandiya, Ermənistan, Şimali İrlandiya.

IV: Polşa, Çernoqoriya, Gürcüstan, Latviya, Norveç, Sloveniya, İrlandiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya.

V: Albaniya, Farer adaları, Kipr, Litva, Qazaxıstan, Estoniya, Azərbaycan, Andorra, San-Marino, Lüksemburq, Malta, Lixtenşteyn.
0