Arif Əsədov ehtiyatda qalan qapıçını təriflədi
02.02.2011 - 16:50
Arif Əsədov ehtiyatda qalan qapıçını təriflədi
“Bildiyiniz kimi, komandamızın qapıçılarından biri Paulius Qribauskas cərrahiyyə əməliyyatı olunduğundan, yəqin ki, çempionatın qalan hissəsində bizə kömək edə bilməyəcək. Bu səbəbdən yeni qapıçı almaq zərurəti ortaya çıxmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” komandasının baş məşqçisi Arif Əsədov deyib.

O, klubun rəsmi internet saytına açıqlamasında yeni transfer olunan Vitali Kovalyovun keçidinə münasibət bildirib. Əsədov cari mövsüm debüt etməyib Türkiyənin aşağı dəstə təmsilçisi “Kartalspor”da ehtiyatda qalan qapıçını tərifləyib: “Kovalyovu transfer edərkən, onun təcrübəsini, eləcə də yerli futbolçu olmasını nəzərə aldıq. Çünki legioner limitinə görə əcnəbi qapıçı almaq heç də məqsədəuyğun deyildi. Onu da deyim ki, Kovalyovla çoxdan maraqlanırdıq. Sadəcə, "Kartalspor" rəhbərliyi onu komandadan buraxmaq istəmirdi. Nəhayət, uzun sürən danışıqlardan sonra Vitalinin özünün də istəyi ilə transfer baş tutdu".