“Qarabağ”la söhbətimiz həmin vaxt bağlanıb”
03.02.2011 - 00:05
“Qarabağ”la söhbətimiz həmin vaxt bağlanıb”
Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Hazırkı komandanızdan ayrılıb, “Qarabağ”la anlaşdığınız barədə xəbərlər yayılıb. Bununla bağlı fikrilərinizi öyrənmək istərdik...
- Doğru xəbər deyil. “Əskişəhərspor”un heyətində hazırlığımı davam etdirirəm. Əslində, “Qarabağ” rəsmiləri ilə qayıtmaq barədə rəsmi danışıq olmayıb. Sadəcə, 1 həftə öncə “Gənclərbirliyi” ilə görüşdə qısa söhbətimiz oldu. Dedim “Əskişəhərspor”la hələ il yarımlıq müqaviləm var. Ancaq “Qarabağ” mənim üçün doğma olduğundan, bu komandada oynamaq istədiyimi də bildirdim. Yəni, arada dostcasına söhbət olub. Məni yenidən heyətdə görmək arzusunda olduqlarını söylədilər. Cavabım belə oldu ki, karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Bildiyiniz kimi, yeni ildən sonra “Əskişəhərspor”un heyətində meydana çıxdım. Bu, zədə ucbatından və uzun fasilədən sonra ilk oyunum idi. İlk oyunda Nadareviç cəzalı olduğundan, baş məşqçi Bülənt Uyğun mənə şans verdi. Bildiyiniz kimi, “Əskişəhərspor”un ötən il son 6 uğurlu oyununda zədə üzündən iştirak etməmişəm. İndiki heyət, müdafiəmiz yaxşı çıxış edir. Nadareviçin cəzası bitəndən sonra baş məşqçi əvvəlki heyətə üstünlük verdiyindən ehtiyatda qaldım. İndi şans Nadareviçdədir, mən də şansımı gözləyirəm. Hazırkı vəziyyətim məni narahat edir. Ola bilər ki, həmkarım heç zəif çıxış etməsin. Yığmamızın isə 4-5 ayda 3 vacib oyunu var. Mən də bu müddətdə oyun praktikasından əziyyət itirmək istəmirəm.

- Uyğunun sizə münasibəti necədir?
- Yaxşıdır, mənə inamı var. Ancaq mən də onun yerində olsaydım, bu gün həmin 2 müdafiəçiyə şans verərdim. Çünki onlarla komanda uğurlu oynayıb. Mənim də iştirakımla yaxşı oyunlar olub. Ancaq indi üstünlük onların tərəfində olduğundan, öz vaxtımı gözləyirəm. Yoxsa kiminləsə danışdım, razılaşdım – bunlar yalandır. Klubda ümumiyyətlə, nə rəhbərlik, nə də baş məşqçi ilə danışığım olub. Olsaydı, açıqlayardım.

- Avropada “transfer pəncərəsi” bağlanıb. Azərbaycanda isə 2 həftəyə bağlanacaq. Bu müddətdə karyerana aydınlıq gətirməlisiniz...
- Mən cari mövsümdə “Əskişəhərspor” və “Qarabağ”dan başqa komandada oynaya bilmərəm. Çünki FİFA, UEFA-nın qaydalarına görə futbolçunun bir mövsümdə 3 klubda oynaması yasaqdır. Yəni, “Əskişəhərspor”dan getməli olsam, yalnız “Qarabağ”da oynaya bilərəm. Ola bilər ki, söz-söhbətlər də buradan yaranır. Fikirləşirlər ki, Rəşad oyun praktikası itirməmək, yığmanın vacib oyunları olduğu üçün qayıdışı yalnız “Qarabağ”a mümkündür. Çünki başqa variant yoxdur.

- Yığmamızın kapitanının ehtiyatda oturması bizi də narahat edir. Çünki bu il çoxlu rəsmi oyunlar var. Ancaq “Əskişəhərspor”da rəqabətin böyük olması əsas heyətdə möhkəmlənməyinizə imkan vermir...
- Mən rəqabətdən çəkinmirəm. Ola bilər ki, futbolçu 2 baş məndən üstün olsun. Hamı bilir ki, kim məndən güclü olanda, bunu etiraf etmişəm. Ancaq “Əskişəhərspor” oynaya biləcəyim komandadır. Sadəcə, indi elə vəziyyətdir ki, uğurlu çıxışa görə üstünlük onların tərəfindədir. Baş məşqçi birdən-birə onlardan imtina edib, məni oynada bilmir. Lap mənə çox inansa belə. Məşqçiliyin belə qaydaları var. Ümit Karan kimi tanınmış hücumçu 18 tur ehtiyatda olub, ilk oyununa “Konyaspor”la görüşdə çıxıb. Yaxud Tello “Gənclərbirliyi” ilə görüşdə ilk dəfə oynadı. Yəni, Uyğun belə bir məşqçidir. Kim çıxdı yaxşı oynadı, gələn matçda da oynayacaq.

- Ancaq bir şeyi də nəzərə alaq ki, yeni ildən sonra ilk olaraq siz oynadığınız, 90 dəqiqə keçirdiyiniz görüşdə komandanız qalib gəldi. Bundan sonra əsas heyətə qayıdacağınıza ümidləndik...
- Nadareviç 6 uğurlu oyunda meydanda olmuşdu. Onun bu il birinci matçda kənarda qalmağı pis oynamağı ilə yox, cəzalı olması ilə bağlı idi.

- Siz yaxşı oynadığınızdan, yenə əsas heyətdə yer ala bilərdiniz....
- Belə başa düşürəm ki, kimsə zəif oynamayana kimi başqasına şans verilməyəcək. Bu, baş məşqçinin münasibətidir. Mən də bugünkü gün ona görə ehtiyatlanıram ki, bəlkə heç 10-15 oyun zəif çıxış olmayacaq, hər şey qaydasında gedəcək. Millimizi isə qarşıda Belçika ilə çətin səfər oyunu gözləyir. Qazaxıstan, Almaniya ilə vacib görüşlərimiz var. Buna görə mən də oyun praktikası itirmək istəmirəm. Hələ 10 gün vaxt var. Başımı aşağı salıb, məşqimi edirəm. Heç kimlə söhbətim olmayıb. Görürəm ki, bir futbolçu kimi mənə qarşı inam, hörmət var. Hər şey qaydasındadır, heç bir problem yoxdur. Ona görə də 2 daşın arasında qalmışam. Elə bir adamam ki, həmişə oynamaq istədiyim yerə getmişəm. Mövqeyim də elədir ki, tez-tez dəyişilir. Qismət belə oldu ki, zədələndim. Həmin vaxt belə söhbət gəzirdi ki, Rəşadın yanına bir mərkəz müdafiəçisi axtarılır. Ancaq 2 ay keçəndən sonra hər şey dəyişdi, heç bir transfer olmadı. Həmin 2 nəfər oynayır, Rəşad gözləyir.

- Növbəti turda “Qalatasaray”la görüşdə oynamasan, rəhbərlik, baş məşqçiyə vəziyyətini anladıb, söhbətləşmək fikrindəsiniz? Çünki gələn həftə bizdə “transfer pəncərəsi” bağlanır...
- “Qalatasaray”a qarşı da oynamayacağam. Çünki komanda son turda qalib gəlib, mövqeyimdə oynayanlar özlərini pis tərəfdən göstərmədiyindən, Uyğun heyəti dəyişməyəcək. Bundan sonra yığmanın düşərgəsinə gələcəyəm. Ola bilər ki, onda baş məşqçi Berti Foqtsla söhbətim olsun, onunla məsləhətləşim. Vəziyyətə baxacağam, bəlkə heç danışmadım. Hələlik heç bir fikir yoxdur, sonra qərar verəcəyəm. Hazırda işimi görürəm, heç kimlə danışıq aparmıram. Bir həftə öncə “Qarabağ”la olan qeyri-rəsmi söhbət həmin vaxt bağlanıb. “Qarabağ” elə bir komandadır ki, ordan mənə rəsmi təklif gəlməsə də olar. Oranı öz evim bilirəm. Sabah qapısını döyüb, əşyalarımı götürüb, gələ bilərəm. “Qarabağ”la danışıqlar aparmağa ehtiyac da yoxdur. Mən burda qalıb, oynamaq istəyirəm.

- Onu da nəzərə alaq ki, Türkiyə Superliqasında 3-cü dəfə oynayırsınız və hər dəfə karyeranız qısa müddətli olub. Yenidən belə vəziyyətdən sonra vətənə dönmək imicinizə zərbə olacaq...
- Çoxları fikirləşir ki, Superliqaya getdi, oynaya bilmədi. Ancaq hamı şahiddir ki, zədə almayana kimi oynayırdım, yaxşı da çıxış edirdim. Sübut etdim ki, o səviyyədə oynaya bilən futbolçuyam. Ancaq bəzi nüanslar var, qismətdir. Allahın işidir, zədələnməyim qaçılmaz oldu.

- Birdən “Qarabağ”a qayıtmalı olsanız, “Əskişəhərpsor” müqaviləyə görə problem yaratmayacaq?
- Qəti bu haqda düşünməmişəm. Ağlımdan belə fikirləri keçirmirəm. Yalnız məşqlərə köklənmirəm, fikrim özümü yaxşı tərəfdən göstərməkdir. Baş məşqçinin etimadını hər an doğrultmağa hazıram. “Əskişəhərspor”da qalıb, möhkəmlənmək haqda düşünürəm. Mövsümün sonuna 15 tur, 3 ay qalıb. Sadəcə, oynamağı çox istəyirəm.

Mehman SÜLEYMANOV