Emil Mpenza “Xəzər Lənkəran”la oyunu buraxacaq
02.02.2011 - 19:12
Emil Mpenza “Xəzər Lənkəran”la oyunu buraxacaq
"Çox təəssüflənirəm ki, belə hal baş verdi. Meydanda tam gücümlə oynamaq üçün əməliyyat edilməyim mütləqdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza deyib.

“Ağ-qaraların” birinci təlim-məşq toplanışında ayağından ağrılar hiss edən Mpenza ikinci hazırlıq dönəmində Antalyada ilkin tibbi müayinədən keçirib. Yanvarın 31-də isə klub rəhbərliyinin icazəsi ilə tam müayinə olunmaq üçün Belçikaya yollanıb. Bu gün onun Belçikadakı həkimi ilə ətraflı fikir mübadiləsindən, eyni zamanda tibbi müayinənin “Neftçi”yə göndərilməsindən sonra qərara alınıb ki, Emil Mpenza fevralın 4-də cərrahiyyə əməliyyatı olunsun.

Bununla əlaqədar paytaxt klubunun rəsmi saytına açıqlama verən futbolçu təəssüf hissi keçirdiyini deyib: “Bu gün şəxsən “Neftçi”nin prezidenti Sadıq Sadıqovla telefon danışığımda təəssüfləndiyimi bildirdim. Ona söz verdim ki, “altılıq” oyunlarında vuracağım qollarla komandamızın qızıl medallar qazanmasına yardımçı olacağam”.

Qeyd edək ki, Belçikadakı həkimlərin rəyinə əsasən, hücumçu 1-1,5 aydan sonra yaşıl meydançaya qayıtmalıdır. “Neftçi” isə qış fasiləsindən sonra ilk oyununu “Xəzər Lənkəran”a qarşı keçirəcək.