Fikirləş, Rəşad!
02.02.2011 - 23:15
Fikirləş, Rəşad!
Rəşad Sadıqovun yenidən Azərbaycana qayıtması realdı.
“Qarabağ” müqaviləsində Avropadan təklif olacağı təqdirdə sərbəst qalacağını qeyd edtdiyi sabiq müdafiəçisini geri qaytarmaq üzrədi. Məsələ ilə bağlı həftədən çoxdu ki, media yazır, müzakirələrə start verilib.

Yadıma gəlir, hələ İTV-də işlədiyim vaxt Rəşadın Türkiyə karyerasından “Kayserispor”la başlayıb davam edən bölümünü maraqla izləyirdim.
İnsanlar futbola qol görmək üçün baxır. Biz Rəşadın sayəsində “Kayserispor”un oyunlarını qol görməmək ümidi ilə izləyirdik. Böyük əksəriyyət həmin dövrün “sarı-lacivərd” formada diqqət çəkən ulduzu Nikola Anelkanın qol vurması üçün “Kayserispor” – “Fənərbaxça” oyununu izlədiyi vaxtda, Azərbaycan futbolsevəri həmyerlimizin fransızı zərərsizləşdirməsinə azarkeşlik edirdi.

Bizlər Rəşadın sayəsində bir dönəm “Kayserispor”lu, bir dönəm “Kocaelispor”lu olduq.

Sadıqov ötən ilin yayında Azərbaycan futbolsevərinin sevgisini özü ilə Əskişəhərə apardı.

Bəlkə də Rza Çalımbay Rəşadı start heyətində oynatmamaqla nə qədər azərbaycanlının nifrətini qazandığını hələ də bilmir, dərk etmir.
Sadıqov ikinci dəfə “Şükrü Saracoğlu”na “Əskişəhərspor” forması ilə çıxmışdı. Türkiyə millisi ilə ev oyununda nəfəs aldırmadığı Səmih Şentürklə mübarizədə zədələndi. Əsas heyətdə yerini möhkəmlətməkdə olan müdafiəçi bir müddət yaşıl meydandan uzaq qalacaqdı. Futbola belə şeylər olur...

Əmim oğlu ilə Rəşadın tanışlığı, münasibəti daha yaxşıdı. Sadıqovu hər fürsət düşəndə ondan soruşurdum. İnternet üzərindən tez-tez danışdıqlarını bilirəm. Biz ümidimizi üzmürdük. Düşünürdük ki, o, tezliklə müvəqqəti olaraq Dieqoya verdiyi möveyini geri qaytarmağı bacaracaq.
Rəşad uşaq deyil. 28 yaşına gəlmiş, yığma ilə böyük təcrübə qazanmış futbolçu peşəkar futbolda inkişafın rəqabətdən keçdiyini yaxşı anlayırdı. O, bacarmalı idi! O, bacaracaqdı da!

Ola bilər, Türkiyədə çox adam - heç onun komandasını çalışdıran Bülənt Uyğun da hələ ki bunu bilmir. Rəşad Sadıqov fərdi keyfiyyətlərinə görə son dönəmlər yaxşı formada olan Dieqodan on qat daha səviyyəli futbolçudu. Bülənt Uyğun bunu indi bilməsə də, irəlidə bir gün anlayacaqdı. Zamana ehtiyac var idi...

“Qarabağ” Sadıqovu geri qaytarmaq eşqinə düşüb.
Biz, yay aylarını uğurlarının sevincinə boğulduğumuz “Qarabağ”ı da sevirik. Bu komanda baş məşqçisi, futbolçusu ilə, Azərbaycansayaqlılığı ilə ürəkləri fəth edib. Bunların fərqindəyik.

Biz, hesab etmirik ki, Qurban Qurbanovun potensialı Premyer Liqada Rəşadsız uğur qazanmağa yetərsizdi.
Biz, Rəşad Sadıqovu bu yaşında, bu dövründə yenidən Azərbaycanda görmək istəmirik!

Əminəm ki, dərindən düşünəndə bunu heç onun dostu Qurban Qurbanov da istəmir.

Heç “Qarabağ” da istəmir...
Gəlin, səmimi olaq dostlar.

“Qarabağ” Rəşadsız da Azərbaycanda güclüdü. Avropa meydanlarına çıxış qazandıqdan sonra isə Sadıqovun boşluğunu dolduracaq futbolçu tapmaq çətin olmayacaq.

Sadıqov isə sübut edə bilər ki, hansı klubda oynamağından asılı olmayaraq, o, əsas heyətdəki yerini qaytarmaq əzminə, iradəsinə sahibdi! Ən çətin şəraitdə belə, Rəşad bunu bacaracaq insanlığa, xarakterə malikdi... Biz, Sadıqovu belə tanıyırıq. O, “Əskişəhərspor”da mövqeyini hansısa Dieqoya uduzub qayıdacaq adam deyil. O, əvvəl indiki klubunda əsas heyətin əvəzolunmazına çevrilməlidi. Sonra gözümüz üstündə yeri var!
Rəşad Əskişəhərdən “Turan”dan getdiyi kimi, “Neftçi”dən getdiyi kimi, “Qarabağ”dan getdiyi kimi getməlidir! Ki, “Əskişəhərspor” camiəsi önəmli futbolçusunu itirdiyinə görə üzülsün! Amma indi yox...

Fikirləş, Rəşad! Biz, sənə hələ də güvənirik! Qayıt... Amma başını dik tutub qayıt... İndi yox...

Rəsul ŞÜKÜRSOY
[email protected]