Parlamamış sönənlər
04.02.2011 - 00:01
Parlamamış sönənlər
Bu gün futbolumuzda Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Araz Abdullayev, Maksim Medvedev kimi gənclərimizin timsalında yeni nəsil yetişir. Amma təəssüf ki, belələrinin sayı çox azdı, barmaqla sayılacaq qədərdi.

Halbuki, son illər böyük ümidlər bəslədiyimiz xeyli oyunçu vardı. Lakin indi onları nə yığmada görə bilirik, nə də məxsus olduqları klubların əsas heyətində. "İtib-batıblar" ifadəsi bir qədər ağır olar, amma reallıq belədir. Onların kölgədə qalma səbəbləri isə müxtəlifdi. Məsələn, özündənrazılığın qurbanı olanlar da var, bəxtsiz zədələrin güdazına gedənlər də. Həmçinin, potensialını qeyri-peşəkar mühitdə və ya ehtiyat oyunçular skamyasında vaxt keçirtməklə tükədənlər də mövcuddu. Amma hər şeyə rəğmən, belələri üçün "dəftərləri bağlanıb" demək hələ tezdi. Çünki gəncdilər və istənilən an malik olduqları potensialın, istedadın sayəsində sıçrayış edə bilərlər.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, ümidləri doğrultmayan, amma "oyanmaq" ehtimalını itirməyən yerli futbolçuların "11-liy"ini hazırlamağı lazım bildik.

Anar Nəzirov. Adı "Neftçi"nin tarixinə qara hərflərlə düşən Hans-Yürgen Gedenin gəlişi müəyyən mənada gənc qolkiper üçün düşərli oldu. Amma Nəzirov alman çalışdırıcının ona verdiyi şansdan yetərincə bəhrələnə bilmədi. Həmin vaxt komandanın aparıcı oyunçularından olan Suat Usta ilə əlbəyaxa davaya çıxan Nəzirov bu hərəkəti, eləcə də buraxdığı 2-3 axmaq qol ilə özünə "quyu qazdı". Bundan sonra komandadan uzaqlaşdırılan Anar "Turan" və "Standard"da forma geyindi, amma demək olar ki, adından söz etdirə bilmədi.
Anar hazırda yaxşı əllərdədi. Çünki "Qəbələ"nin baş məşqçisi Toni Adams futbolun beşiyi - İngiltərəni təmsil edən bir mütəxəssisdi. Di gəl ki, onun əsas qapıçı Pavel Doroşevin əvəzləyicisi olması vəziyyəti korlayır. Nəzirovun cari çempionatda bir dəfə də olsun meydana çıxmadığını nəzərə alsaq, onun yaxın vaxtlarda sıçrayış etmə ehtimalının sıfıra bərabər olduğunu söyləyə bilərik. 25 yaşlı qolkiper ya komandasını dəyişməli, ya da öz zamanını gözləməlidi.

Tural Nərimanov. Gənc müdafiəçi 2 il öncə icarə əsasında "Karvan"da çıxış edəndə diqqətləri üzərinə çəkə bilmişdi. Hətta yığmamızın baş məşqçisi Berti Foqts onu daim əsas komandanın toplanışlarına cəlb edirdi. Amma Tural "Neftçi"yə dönəndən bəri sözün əsl mənasında yoxa çıxıb. Hər halda, onun cari mövsümdə əsas komanda ilə heç bir oyunda iştirak etməməsi belə söyləməyə əsas verir. Halbuki, Nərimanov potensiallı, istedadlı oyunçudu. 21 yaşlı müdafiəçinin əvəzedicilərin heyətində vaxt keçirməsi müsbət hal deyil.

Camal Məmmədov. 27 yaşlı yarımmüdafiəçi "Qəbələ"dəki oyunu ilə tanındıqdan sonra "Standard"a üz tutdu. Burda Kaxaber Sxadadzenin rəhbərliyi altında oynayan Camal gürcü çalışdırıcının "İnter" keçməsi ilə ora transfer olundu. Elə bununla da Məmmədovun "dəftəri bağlandı". "İnter"də əsas heyətə düşə bilməyən Camal ötən mövsüm "Simurq"a icarəyə verildi. Lakin o, burda da Roman Pokoranın rəğbətini qazana bilmədi.
Yayda yenidən paytaxt klubuna dönən gənc futbolçu cari çempionatda cəmi 1 oyuna çıxıb və sadəcə, 4 dəqiqə meydanda olub. Üstəlik, artıq Sxadadze ona ehtiyac duymur və transferə çıxarılan Camal böyük ehtimalla qış fasiləsindən sonra "Simurq"un şərəfini qoruyacaq.

Ramazan Abbasov. Yığmamızın sabiq üzvü də ümidləri doğrultmayanların siyahısındadı. Halbuki Abbasovun millidəki yeri daimi ola bilərdi. Lakin davamlı zədələr onun səviyyəsini aşağı saldı. "Neftçi" və "Bakı"da heç nə ilə yadda qalmayan Ramazan dönüş etmək arzusu ilə "Xəzər-Lənkəran"a transfer olundu. Amma burda da daha çox ehtiyat oyunçular skamyasında vaxt keçirən yarımmüdafiəçi bir müddət öncə transferə çıxarıldı. İndi onun "Gəncə" ilə danışıq apardığı deyilir. Görəsən, 27 yaşlı futbolçu dönüş edə biləcəkmi?

Asif Məmmədov. "Standard"dakı oyunu ilə Sxadadzenin rəğbətini qazanan Asif sonradan gürcü mütəxəssisin dəvəti ilə "İnter"ə gəldi. Lakin o da Camal Məmmədov kimi ümidləri doğrultmadı. 24 yaşlı hücumçu "İnter"də ehtiyatda oturmaqdan təngə gəldiyi üçün "Xəzər-Lənkəran"a üz tutdu. Di gəl ki, burda da bəxti gətirmədi. Təsadüfi deyil ki, artıq Məmmədov transferə çıxarılıb.
Görünür, Sxadadzenin üzə çıxartdığı Camal və Asif Məmmədovlar böyük klubların oyunçuları deyilmiş. Onlar sadəcə, rəqabətə tab gətirmədi. Xüsusən də əcnəbi futbolçuların kölgəsində qaldılar.

Rəşad Kərimov. Sumqayıt futbol məktəbinin yetirməsi olan Rəşad "Kimyaçı"da parladıqdan sonra "Xəzər-Lənkəran"a transfer olundu. Lakin ciddi zədə ucbatından xeyli vaxt oynamadı, sonra isə icarə əsasında "Karvan"da çıxış etdi. Burda da istənilən səviyyədə oynaya bilməyən Kərimov yenidən "Xəzər-Lənkəran"a döndü. Amma o, cənub təmsilçisini lazım olmadığından "Qarabağ"a üz tutdu.
Vaxtilə böyük gələcək vəd edən 24 yaşlı yarımmüdafiəçi indi yaxşı əllərdədi. Amma Qurban Qurbanovun rəhbərliyi altında çıxış etmək hələ heç nə demək deyil. Cari çempionatda 10 oyun keçirən Rəşad ağır zədələrə görə itib-batdı. Amma hələ heç nə itirilməyib və hər şey onun öz əlindədi.

Tərlan Xəlilov. Cari çempionatda ümumilikdə 80 dəqiqə olmaqla, 3 oyunda meydana çıxan Xəlilov da hazırda yığmamızla birgə Dubay toplanışında ola bilərdi. Lakin "Bakı"da üzə çıxan, sonradan "Muğan"ın kapitanı olan 26 yaşlı yarımmüdafiəçiyə də ağır zədələr irəli getməyə imkan vermədi. Hazırda AZAL-ın formasını geyinən Tərlan daha çox ehtiyatda qalır. Amma onun da özünü toparlaması üçün potensialı var.

Bəxtiyar Soltanov. U-21-in üzvü olan Soltanov heç cür əsas yığmaya keçə bilmir. Bunun da başlıca səbəbi onun "Bakı"nın heyətində sabit meydana çıxa bilməməsidi. İki il öncə Belçika "Anderlext"inə transferi gündəmdə olan Bəxtiyar bir müddət öncə "Bakı"nın sabiq baş məşqçi Vinfred Şafer tərəfindən əvəzedici heyətə göndərilmişdi. Amma almaniyalı mütəxəssisin qovulması və Aleksandr Starkovun gəlişindən sonra Soltanov üçün yeni "ümid qapıları" açıldı. Ancaq bu vaxt gələn hərbi çağırış vərəqəsi onun ən azı bir il MOİK-də oynayacağı deməkdi.

Vüsal Hüseynov. "Şəmkir"də parlayan Hüseynov ötən müddət ərzində xeyli klub dəyişib. Amma vaxtı ilə yığmaya da dəvət olunan Vüsal heç cür sabitliyi qoruyub, aparıcı oyunçuya çevrilə bilmədi. Halbuki, bunun üçün potensialı olan bir futbolçu idi.
Qış fasiləsinədək "Muğan"da forma geyinən Hüseynov 8 matça çıxıb. Amma artıq Salyan təmsilçisindən ayrılan Vüsalın "Gəncə" ilə müqavilə bağlayacağı gözlənilir. Hüseynovun 28 yaşı olduğundan onun üçün "yaxşı gələcəyi ola bilər" ifadəsini işlədə bilmərik. Amma yenə də karyerasının son illərini yüksək səviyyədə keçirmək öz əlindədi. Bir də ki, Vüsal indi futbolçuların optimal forma yığdığı bir yaşdadı.

Nizami Hacıyev. U-19-un heyətində Ermənistan yığmasına qol vurmaqla tanınan Hacıyev ərköyünlüyü ucbatından klub karyerasında uğurlu çıxışı ilə diqqət çəkə bilmir. Karyerasına "İnter"də başlayan Nizami "Olimpik" (indiki AZAL - red.) və "Xəzər-Lənkəran" formasını geyindikdən sonra yenidən paytaxt klubuna döndü. Amma zədəli olması və rəqabətdə əcnəbilərə uduzması onu əsas heyətdən uzaq salıb. Təsadüfi deyil ki, o, cari çempionatda cəmi 2 oyuna çıxıb və ümumilikdə 38 dəqiqə meydanda olub.
Bu il yanvarın əvvəlində həqiqi-hərbi xidmətə çağrılan Nizami artıq əsgərliyini başa vurub (?!) "İnter"ə dönmək üzrədi. Baş məşqçi Sxadaze ölkə mətbuatına açıqlamasında qış fasiləsindən sonra ondan yararlanacağını ifadə edib.

Fərid Quliyev. Ötən mövsüm "Standard"ın heyətində 16 qolla ölkə çempionatının bombardiri olan Quliyev üçün "Neftçi"yə keçid düşərli olmadı. Çünki "ağ-qaralar"ın əsas heyətinə düşə bilməyən Fərid buna görə yığmadakı yerini itirdi.
Quliyev cari çempionatda 10 oyunda iştirak etməsinə rəğmən, cəmi 286 dəqiqə meydanda olub və 1 qola imza atıb.
Futbolçunun hazırkı durumu nə özünü, nə də klubunu qane etmədiyindən Fərid "Simurq"a icarəyə verildi. İndi hər şey onun öz əlindədi. Qış fasiləsindən sonra Zaqatala təmsilçisinin formasını geyəcək Quliyev vuracağı qollarla həm yığmaya dönə, həm də "Neftçi"nin baş məşqçisi Arif Əsədovun rəğbətini qazana bilər.

ŞAMO