Bülənt Uyğun Rəşad Sadıqovu Çempionlar Liqasına aparır
04.02.2011 - 11:13
Bülənt Uyğun Rəşad Sadıqovu Çempionlar Liqasına aparır
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğun iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, gəlişi ilə komandanı canlandıran və həmyerlimizə klubda debüt şansı yaradan 40 yaşlı mütəxəssis azarkeşlərə bir sıra vədlər verib.

Uyğun bildirib ki, komandasını Çempionlar Liqasının qrup mərhələsində görür: “Sivasspor”da çalışanda qrup mərhələsinə çox yaxın olsaq da bunu bacarmadıq. “Əskişəhərspor”un buna nail olacağına inanıram. Komandada yatmış div var. İnşallah əl-ələ verib, bu böyük klubu layiq olduğu zirvələrə daşıyarıq”.

Türkiyə Superliqasının qarşıdakı turunda “Qalatasaray”la qarşılaşan əskişəhərlilərin çalışdırıcısı bu matç haqda da danışıb: “Hazırda çox yaxşı formadayıq. Əla komanda oyunu göstəririk. Hədəfimiz “Qalatasaray”a yeni stadionunda ilk məğlubiyyəti yaşatmaqdır. Bunu bacaracaq gücdə, hətta daha artıq səviyyədəyik”.