“Rəşad heyətə düşmək üçün əlindən gələni etməlidir” - MÜSAHİBƏ
08.02.2011 - 16:27
“Rəşad heyətə düşmək üçün əlindən gələni etməlidir” - MÜSAHİBƏ
Birləşmiş Ərəb Əmirliklərində hazırlıq keçən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis yalnız azərbaycanlı jurnalistlərin iştirak etdiyi konfransda bir sıra sualları cavablandırıb. Foqts öncə yanvarın 27-dən başlayan təlim-məşq toplanışı haqda məlumat verib.

- Biz bura gələndən yaxşı şərait görmüşük. Hava, otel, meydançalar – hər şey gözəldir. Fürsətdən istifadə edib, həm AFFA-ya, həm də bu toplanışı təşkil edən “Sportfive” şirkətinə minnətdarlığımı bildirmək istəyirəm. Komanda barəsində onu deyə bilərəm ki, ilk günlərdən futbolçuların formasından narazı qaldım. Onlar başa düşməlidirlər ki, biz burada ölkə çempionatına yox, beynəlxalq oyunlara hazırlaşırıq. Beynəlxalq səviyyədə daha sürətli futbol oynamaq lazımdır. İlk günlərdə məşqdə gördüyümdən narazı qaldım. Bu, ilk növbədə onunla bağlıdır ki, topu ələ keçirəndən sonra müdafiədən hücuma qoşulanda çox vaxt itiririk. Biz bunun üzərində işləyirik. Hiss olunur ki, komanda ilə 2 ay bir yerdə olmamışıq, məşq edə bilməmişik. Bu, ilk günlərdə çox hiss olunurdu. Futbolçular topu ələ keçirəndən sonra çox fikirləşib, gec qərar qəbul edirlər. Mən bütün bunlardan ilk günlərdən narazı qalmışdım.

- Dediklərinizdən belə anlamaq olar ki, futbolçular klublarındakı toplanışlarda yaxşı işləməyiblər? Özü də onların əksəriyyəti Antalyadan bura gəliblər...
- Mən deməzdim ki, klubların hazırlığı pis keçib. Futbolçular özləri fikirləşməlidirlər ki, beynəlxalq səviyyədə oynayanda, daha tez qərar qəbul etməli, topu rəqibdən alandan sonra birbaşa hücuma keçməlidirlər. Onlar bunu öyrənməlidirlər. Klub məşqçiləri hazırlığı, heyəti ölkə çempionatına uyğun qururlar. Məndə tam başqadır. Futbolçuları beynəlxalq oyunlara hazır etməliyəm və bunun fərqi çox böyükdür. Onlar irəli getmək istəməlidirlər və bunu oyunun gedişində göstərməlidirlər. Klub məşqçiləri əsas nəticə haqda düşünürlər və buna uyğun hazırlaşırlar.

- Sabahkı oyunda nəticə sizin üçün nə dərəcədə vacibdir? Siz bilirsinizmi ki, Macarıstan yığmasına 4 oyunun hamısında uduzmuşuq, top fərqi 1-13-dür?
- Macarıstan yığması güclü komandadır. Bildiyiniz kimi, futbolçuları İngiltərə, Almaniya, İtaliyada çıxış edirlər. Sözsüz ki, güclü rəqiblə bizim futbolun arasında səviyyə fərqi böyükdür. Statistika nə vaxtsa ona son qoymaq üçün lazımdır və bunun üzərində işləyirik. 12-14 oyunla hazırlıqla Macarıstanı böyük hesabla udacağımızı gözləmək olmaz. Niyə macar futbolçular Bundesliqada oynayırlar? Neçə azərbaycanlı futbolçu Avropada, məsələn İngiltərə, İtaliyada oynayır?

- Dediyiniz çatışmazlıqları 12 gündə aradan qaldıra bilmisiniz? Onları ölkədən kənarda oynayan futbolçularımız – Rəşad Sadıqov və Mahir Şükürovda görmüsünüz?
- Bu çatışmazlıqları 12 gündə tam aradan qaldırmaq olmaz. Sözsüz ki, futbolçulardan çox şey asılıdır. Rəşadla Mahirin 2 məşqini görmüşəm və onlar irəli addım atdıqlarını deyə bilərəm.

- Rəşadın klubunda ehtiyatda qalması Belçika ilə səfərdə rəsmi oyun öncəsi sizi narahat edirmi?
- Bu qərarı Rəşadın özü verib. Mən çox şadam ki, Sadıqov düz addım ataraq, xaricə gedib. O, klubunda heyətə düşmək üçün əlindən gələni etməlidirlər. Biz Rəşadın oyununa, klubunda vəziyyətinə baxacağıq.

- Macarıstan yığmasının 3 futbolçusu bizə qarşı oynamayacaq. Sizcə, bu, yığmamızın işini asanlaşdıracaq?
- Mənim 3 futbolçunun oynamamağı haqda məlumatım yoxdur. Belə şey varsa, onların yerinə başqaları oynayacaq.

- Bu toplanışda debütantlar da var və onları Ukraynanın “Metallist” klubu ilə yoldaşlıq görüşündə sınadınız. Nə dərəcədə razı qaldınız?
- Sözsüz ki, yeni futbolçular üçün çətindir. Onları keçən ilin dekabrında Bakıdakı təlim-məşq toplanışında gördük və bu dəfə dəvət etdik. Hiss olunur ki, biz 2,5 ildir bir komandada işləyirik və yenilər əvvəldən çətinlik çəkərək, öz üzərlərində çox işləməlidirlər. Sözsüz ki, bacarıqlı futbolçulardır və buna görə də onlara şans vermişik.

- Macarıstan yığması ilə sabahkı oyunun nəticəsindən asılı olmayaraq, bu toplanışı tamamlanmış, məqbul sayırsınız?
- Hazırlıq heç vaxt bitmir. Sözsüz ki, sabahkı oyun bizim üçün çox vacibdir. Bundan əlavə, futbolçular millinin heyətində Belçikaya qarşı yaxşı oynamaq istədiklərini öz klublarında göstərməlidirlər. Həmin səfər görüşünə kimi 3 həftə vaxtımız var. Onlar klublarında heyətə düşməklə, martın 26-da Belçikaya qarşı oynamağa hazır olduqlarını göstərməlidirlər. Futbolçunun yoldaşlıq görüşündə özünü yaxşı tərəfdən göstərməsi çox vacibdir. Son çempionat oyunlarında millinin bütün futbolçularında klublarında heyətə düşmələrini gözləyirəm. Futbolçu üçün oyun praktikası çox vacibdir və bunu məşqlə əvəz etmək olmaz.

Mehman SÜLEYMANOV
0