Kamran Ağayev: Berti Foqtsun narazı olmayan vaxtı var ki? - MÜSAHİBƏ
08.02.2011 - 19:58
Kamran Ağayev: Berti Foqtsun narazı olmayan vaxtı var ki? - MÜSAHİBƏ
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Yığmamızın baş məşqçisi Berti Foqts keçirdiyi mətbuat konfransında futbolçulardan narazı olduğunu bildirdi. Sizcə, bu narazılıq haqlıdır? Millidə nə çatışmır?
- Foqtsun narazı olmayan vaxtı var ki? O, həmişə narazıdır.

- O, əsasən müdafiədən hücuma ləng keçməkdnə narazıdır. Foqtsun fikrincə, futbolçular meydanda tez qərar qəbul etmirlər...
- İşləmək lazımdır. Birdən-birə heç nə olmur. Öz üzərimizdə işləməliyik və buna vaxt lazımdır. Məşqçi həmişə narazı olur. İnşallah, işləyərik, nəticə əldə edərik və bizdən razı olar.

- Sizcə, oyundakı eksperimentlər nəticə qazanmağa maneə olmur ki?
- Məsələn?

- Daha çox oyunçu və mövqe dəyişikliyi...
- Milliyə gələn oyunçuların hamısı təcrübəli, ağıllıdırlar. Bura elə-belə, təsadüfi futbolçu gəlmir. Əvəzolunmaz futbolçu yoxdur. Bütün mövqelərdə yetərincə futbolçular var. Sadəcə, heyətimizdə yeni, az oynayanlar yer alıb. Onlar bir az sıxılırlar. Bu da normal bir haldır. Əksinə, bizə belə oyunlar lazımdır ki, əsas görüşlərdə nəticə əldə edək.

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiniz?
- Mən bütün oyunlara qələbə üçün çıxıram. Fərqi yoxdur, yoldaşlıq görüşüdür, yoxsa rəsmi oyun. Rəqibin fərqinə varmıram.

- Macarıstan yığması üzərində qələbəmizi real sayırsınız?
- Real sayıram deyəndə ki, özümə inanmasam, meydançaya çıxmaram. Allaha şükür edirəm. Dua edirəm ki, bizə qələbəni yetirsin.

- Təhlil etdiyiniz rəqib haqda nə deyə bilərsiniz?
- Mən rəqib yox, sadəcə, öz oyunum haqda fikirləşirəm. Yaxşı oynasam, nəticə əldə edəcəyik.

Mehman SÜLEYMANOV