Məşqçisindən daha nüfuzlu
10.02.2011 - 00:00
Məşqçisindən daha nüfuzlu
Təəssüf! Çox təəssüf ki, Rəşad Sadıqovun Türkiyə karyerası başa çatır. Millimizin kapitanı yenə Superliqada duruş gətirə bilmədi. Bilmədi deyəndə ki, buna imkan vermədilər...

Vaxtilə “Kayserispor”da özü üçün doğma mərkəz müdafiəçisi mövqeyində deyil, cinahda oynamaq istəməyən, “Kocaelispor”la aşağı dəstəyə yuvarlanan 29 yaşlı müdafiəçi bu dəfə də Superliqa səviyyəsi ilə ayaqlaşmaqda çətinlik çəkdi. Təəssüf!

“Əskişəhərspor”a transfer olunduğu 6 ay ərzində 5 matçda meydana çıxıb, daha çox ehtiyatda oturan Rəşad bundan sonra “Qarabağ”a, daha doğrusu, futbolçularla dil tapmaqda çətinlik çəkən bu komandanın baş məşqçisi Qurban Qurbanova kömək etməlidir. Hər halda, normal məşqçi futbolçu dalınca başqa ölkəyə getməz...

İnsaf naminə qeyd edək ki, 29 yaşlı futbolçu Superliqada zədə problemi ilə də üzləşdi və bu səbəbdən meydana çıxa bilmədi. Amma onun qaytarılması...

Bu, Azərbaycan futbolunda yeni dəbin formalaşması ilə bağlıdır. “Neftçi” “Kartalspor”un ehtiyat oyunçular skamyasında “çürüyən” Vitali Kovalyovu, “Qarabağ” “Mersin İdman Yurdu”nda meydana çıxması sensasiya olan İlqar Qurbanovu heyətinə qatır. Ağdamlılar bununla kifayətlənməyib, ehtiyatda qalan daha bir oyunçunu alır. Deyəsən, Türkiyədə ehtiyatda qalan həmyerlilərimizlə güclənmək, Azərbaycan klubları üçün yeganə çıxış yoludur.

Düzdür, İlqarla Vitalidən fərqli, Rəşad aşağı dəstədə yox, Superliqanın ortabab, hətta müəyyən iddiaları olan klubundan gəlir. Həm də yığmamızın üzvüdür və adıçəkilən 2 oyunçudan fərqli, həqiqətən yeni komandasını gücləndirəcək. Lakin bir məsələ də var ki, həmin futbolçularla müqayisədə Rəşad mübarizə aparmaq, rəqabətə sinə gərib heyətə qayıtmaq iqtidarındadır.

Təəssüf ki, həmyerlimizin rəqabətdən, Nadareviçlə Dieqonun qabağından qaçmasına elə öz klubumuz səbəb olur. Son vaxtlar sıxıntı keçirən futbolçuya mənəvi dəstək vermək əvəzinə, ağdamlılar Rəşadı, onun “artırmasını”, yığmaya kömək üçün rəqabət aparıb daha da güclənməsini düşünməyib, rəqabətdən qaçmasına şərait yaradır. Bu da klubun öz mənafeyi ilə bağlıdır.

Kubokda iddiasız və zəif “Turan”a uduzan, çempionatda liderlərdən uzaq düşən, bir sözlə, avrokubok xəyalları tükənməkdə olan “Qarabağ” rəhbərliyi yeganə çıxış yolu kimi Rəşadı komandaya qaytarmağı lazım bilir. Onu nüfuzuna, liderlik keyfiyyətinə ehtiyacı olan və məsələni başqa yolla həll etməkdə çarəsiz qalan klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov Əskişəhərə yollanıblar. Onu icarəyə götürmək yox, birdəfəlik transfer etmək, Avropadakı iki ümidimizdən birini (o biri Mahir Şükürovdur) yox etmək məqsədi daşıyan bu səfər çərçivəsində “Əskişəhərspor”un razılığı da alınıb. Təəssüf, Bülənt Uyğun da “hə” deyib.

Məsələ bu gün sabah, millimizlə birlikdə Dubayda olan Rəşad Əskişəhərə qayıdanda tam həllini tapmalıdır. Lakin Sadıqov 3-cü uğursuzluğu yaşamamağa, rəqabətdən qaçmamağa, Kovalyov və Qurbanovdan fərqləndiyini isbatlamağa da qərar verə bilər. Artıq bu inandırıcı görünmür. Lakin ümid sonda ölür. Bəlkə də qayıtmadı...