“Təəssüf ki, biz Dubayda bunu görmədik”
11.02.2011 - 10:10
“Təəssüf ki, biz Dubayda bunu görmədik”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Yığmamızın Macarıstan milli komandası ilə oyunu sizdə hansı təəssürat oyatdı?
- Bu, bir yoldaşlıq görüşü idi. Təbii ki, həmişə udmaq arzusundayıq. Təəssüflər olsun ki, komandamız uda bilmədi. Ancaq hesab edirəm ki, Macarıstan güclü yığmadır. FİFA-nın reytinqdə 37-ci yerdədirlər. Uduzmağımıza baxmayaraq, belə rəqiblə oynamaq bizim üçün çox müsbət haldır. Futbolçular, məşqçilər korpusu nəyin üzərində işləmək, hansı mövqelərə daha diqqətlə yanaşmağın lazım, hansı futbolçuların nəyə layiq olduğunu bilirlər. Təbii ki, onların gücləri nəzərə alınır.

- Baş məşqçi Berti Foqtsun həm mətbuat konfransında, həm də sizə dediklərindən belə aydın olur ki, uğursuzluğu yalnız 2 səhvlə bağlayır. Deyəsən, oyunun məzmunundan razıdır. Şəxsən siz yığmanın oyunundan razı qaldınızmı?
- Ümumi belə deyim ki, topa nəzarət etməkdə razı qaldım. Futbolçuların oyunda topa nəzarəti və oyunu əldə saxlamaları qənaətbəxşdir. Amma təbii ki, nəticə olaraq deyil. Macarıstan yığmasının futbolçuları çox güclü liqalarda oynayırlar. Bilirsiniz, bu, vacib amildir. Onlar hər fürsətdən istifadə edirlər. 2-3 qol şansı varsa, hamısından yararlanıb, nəticə qazanırlar. Təəssüflər olsun ki, bizdə hələ bu proses hələ inkişafdadır. Hələ futbolçularımız hər imkandan istifadə edə bilmirlər. Ancaq bu, təcrübədir. Ona görə bu, yoldaşlıq görüşləri, uzun müddətli təlim-məşq toplanışları yaradırıq ki, futbolçular təcrübələrini artırsınlar. Bildiyiniz kimi, Premyer Liqamızda həftəsonu fasilə bitərək, mübarizə davam edəcək. Təbii ki, bu da futbolçulara əlavə güc verəcək. Növbəti rəsmi oyunumuz olan Belçika ilə görüşə qədər əlimizdən gələni təşkil etdik. Futbolçuların həmin oyuna hazır olması göz qabağındadır. Belçika ilə oyundan qabaq bir daha təlim-məşq toplanışı təşkil olunacaq. Bundan sonra da millimiz rəsmi oyuna gedəcək.

- Oyunda çox az azarkeşimiz vardı. Buradakı Azərbaycan diasporunun belə münasibəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Onu qeyd etmək istərdim ki, Macarıstanın azarkeşləri öz millilərini necə sevdiklərini göstərdilər. Təəssüflər ki, biz Dubayda bunu görmədik. Bilirik ki, Dubayda çoxlu azərbaycanlı yaşadığından, yığmamıza böyük dəstək gözləyirdik. Ancaq bunun əvəzində 150-200 nəfər gəlmişdi. Biz isə daha çox azarkeş gözləyirdik. Çox maraqlı amil macarların dəstəyi ilə bağlıdır. Özünüz də gördünüz ki, onlar oyuna bir az gecikdilər. Müxtəlif alətlərdə ifa edən bir qrup azarkeş gələndən sonra isə ab-hava dəyişdi. Deyəsən, onların milli mahnılarını çalmağa başladılar. Bundan sonra isə rəqib qol vurdu. Təbii ki, bu, qola bağlı deyil. Ancaq bir dəstəkdir. Niyə azarkeşə 12-ci oyunçu deyirlər? Yoldaşlıq görüşü olmasına baxmayaraq, onlar necə azarkeşlik edirdilər.

- Yığmamızın növbəti hazırlıq planı ilə bağlı nə deyə bilərsiniz?
- Bu, keçən ildən hazır idi. Biz bunu Peşəkar Futbol Liqasına göndərmişdik. Onlar da klublarla danışmışdılar. Yığma martın 19-20-da təlim-məşq toplanışına yığışacaq. Həmin vaxt birbaşa Almaniyaya gedəcək. Orda hazırlaşıb, Belçikaya yollanacaq. Çünki oradan 2 saatlıq yoldur. Buna görə rahat hazırlıq olacaq. Həmin vaxt yoxlama oyunu olmayacaq. Çünki FİFA-nın oyun günü yoxdur.

Mehman SÜLEYMANOV