“Əskişəhərspor” Rəşad Sadıqov üçün böyük təzminat istəyir
11.02.2011 - 11:06
“Əskişəhərspor” Rəşad Sadıqov üçün böyük təzminat istəyir
Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edən Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun "Qarabağ"a keçidində problem yaranıb. Apasport.az saytının xəbərinə görə, Sadıqov Dubay toplantısını başa vurduqdan sonra yığmamızı tərk edərək Türkiyə klubunun düşərgəsinə yollanıb.

Dünən axşam onun klub prezidenti Halil Ünalla görüşü olub. İlk görüş zamanı 29 yaşlı müdafiəçinin "Qarabağ"a qayıdışı məsələsində razılığa gəlinməyib. Sonradan hazırda Türkiyədə olan Ağdam klubunun direktoru Əmrah Çəlikəl də danışıqlar aparıb. Bu danışıqlarda da tərəflər razılığa gələ bilməyiblər.

Əldə etdiyimiz bilgiyə görə, buna səbəb əskişəhərlilərin Sadıqovun keçidi üçün külli miqdarda pul istəməsidi. Günün sonu olduğundan "Qarabağ" rəhbərliyi və Sadıqovun özünün münasibətini öyrənmək mümkün olmayıb. Lakin məsələ hələ bitmiş sayılmır. Bu gün bununla bağlı tərəflər arasında növbəti danışıqlar olacaq. Məhz bu danışıqlar nəticəsində yekun qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan çempionatında qış transfer pəncərəsi fevralın 11-də bağlanır. Bu baxımdan Rəşad Sadıqovun "Qarabağ"a keçidi məsələsinin həlli üçün bu gün son gündü.
0