Azərbaycan çempionu yatağa düşdü
19.02.2011 - 00:06
Azərbaycan çempionu yatağa düşdü
“3 gündür komandanın məşqlərinə qatılmıram. Ona görə də MOİK-lə matçda meydana çıxmayacağım dəqiqdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanov deyib.

Qış fasiləsindən sonra “Simurq”la oyunda forma geyinən futbolçu ertəsi gün keçirilən bərpa məşqinə qatılsa da, sonradan evdən bayıra çıxa bilməyib. Hərarəti olan yarımmüdafiəçi bu üzdən də yataq şəraitində müalicəsini davam etdirir: “Həkim hər gün müayinə edir. Sistem vururlar. Niyə belə olduğunu özüm də bilmirəm. Bərpa məşqinin ertəsi gün gördüm ki, hərarətim var, yerimdən qalxa bilmirəm”.

Bu gün MOİK-lə qarşılaşacaq sön ölkə çempionunun bu oyunda işinin asan olacağını düşünsək də, Əmiraslanov tələsməməyi dedi: “Turnir cədvəlinə diqqət yetirsək, bəli, “İnter” favoritdir. Ancaq indi bütün komandalar bir-birinə qarşı mübarizə aparırlar. MOİK fasilədə heyətini gücləndirməyi bacardı. Ona görə də, onların sonuncu pillədə yer almasına baxmayaraq, bizimlə oyunda müqavimət göstərməyə çalışacaqlar. Bununla belə, komanda yoldaşlarıma inanıram”.