“Turan” “Bakı”da lipa tapdı
19.02.2011 - 11:26
“Turan” “Bakı”da lipa tapdı
Əvəzedici heyətlər arasında Azərbaycan çempionatında XXI turunda səfərdə "Turan"la qarşılaşan "Bakı" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisinin heyətində Tural Qürbətov (63-cü dəqiqədə) və Orxan Müzəffərli (85) fərqləniblər. Bu qələbə "Bakı"nın liderliyi "Turan"ın əlindən alması ilə nəticələnib.

Ancaq "Bakı"nın dünənki qələbəsi söhz-söhbətsiz də ötüşmədi. Belə ki, matç bitincə tovuzlular şok iddia ilə çıxış edib. "Turan"ın iddiasına görə, paytaxt klubu sifariş ərizəsində adı olmayan futbolçunu meydana çıxarıb.

Tovuz klubunun icraçı direktoru Rasim Əliyevin verdiyi məlumata görə, matçdan qabaq "Turan"a göndərilən sifariş ərizəsində 11 avqust 1983-cü il təvəllüdlü Ayxan Əsədovun əvəzinə 11 avqust 1991-ci ildə doğulmuş Orxan Əsədov oynayıb. Orxanın adı ərizədə olmadığı üçün bu hal qanunsuzluqdu: "Biz oyundan əvvəl "Bakı" rəsmiləri ilə danışıb səhv olduğunu dedik, ərizədə göstərilməyən adamı gətirsələr də, oynatmamalarını istədik. Onlar bizdən qabaq da belə etmişdilər. "Muğan"la oyunda da Ayxan yazılıb, Orxan oynamışdı".

Əliyev AFFA-ya şikayət edib "Bakı"nın texniki məğlubiyyətini tələb edəcəklərini bildirib. "Turan" rəsmiləri məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Malik Həsənova artıq müraciət edib, telefonla danışaraq şikayətlərini bildiriblər. Əliyevin bildirdiyinə görə, Malik Həsənov əvvəlcə onlarla razılaşmasa da, sonda dediklərini qəbul edib və məsələnin araşdırlacağını söyləyib.

"Turan" rəsmiləri isə bunun texniki səhv olduğuna inanmır: "Texniki səhv olsa, adı səhv gedərdi. Bəs bu adamın doğum ili də başqa cür yazılıb axı. Həm də ki, keçən il də "Bakı"nın əvəzedici heyətində Ayxan adlı futbolçu olub. Çox oyunların iştirak ərizəsində onun adı yazılıb".

Tovuz klubu iddiasının sübutu kimi 3 sənəd təqdim edib. "Turan"ın iddiasına görə, sənədlərdən biri dünən matçdan əvvəl PFL-in rəsmi saytından götürülüb. Bu iştirak ərizəsində 8-ci sırada Ayxan Əsədov yazılıb. Qalmaqaldan sonra isə saytda dəyişikliklər edilərək Ayxanın yerinə Orxan yazılıb və doğum tarixi də dəyişdirilib. İkinci sənəd "Bakı"nın ötən il oynadığı matçlardan birindən götürülüb. Həmin sənəddə də 17-ci sırada Ayxan Əsədov yazılıb. Klub üçüncü sənədi də rəsmi protokol kimi təqdim edib. "Turan" bildirir ki, sənəddə göstərilir ki, 2010-cu ildə oynanılmış "Qarabağ" - "Bakı" matçının rəsmi protokolunda da Ayxan Əsədov adlı futbolçu ehtiyat oyunçu kimi qeyd olunub.

Bütün bu sənədləri təqdim edən Tovuz təmsilçisi sübut etməyə çalışır ki, burada heç bir texniki səhv yoxdu, "Bakı" hər şeyi qəsdən edib: "Əgər səhvdisə, ötən il bütün il boyu oynayan Ayxan Əsədov bəs hanı?"

"Turan" PFL prezidenti Ramin Musayevə də şikayət məktubu yazıb. Tovuz klubu məsələnin araşdırılmasını və "Bakı"nın cəzlandırılmasını tələb edir.