Bir darmadağına iki baxış
20.02.2011 - 11:31
Bir darmadağına iki baxış
"Gözəl qələbə oldu. Oyunda sürət var idi, baxımlı oyun oldu, qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Oyunun təşkili baxımından da daha yaxşı görünürdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turunun MOİK-lə oyunundakı darmadağına (4:0) sevindiyini bildirib: “Bu qarşılaşmada 3 xal bizə lazım idi. Qalib gəldiyimiz üçün sevinirik. Lakin yenə də qol epizodlarından istifadə etməkdə çatışmazlıqlarımız var. MOİK ilk dövrə ilə müqayisədə daha yaxşı oynayır. Gənc oyunçuları istəkli idilər, lakin təcrübəsizlik özünü göstərdi. MOİK klubuna gələcək oyunlarda uğurlar arzulayıram".

Sxadadzenin MOİK-li həmkarı Ramil Əliyev isə oyun intizamının pozulmasından şikayətlənib: "İnter" klubunu "Birlik Kuboku"nda qazanılan qələbə ilə təbrik edirəm. Bugünkü oyunda səviyyə fərqi özünü göstərdi. Biz Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Qapımıza vurulan ilk qoldan sonra komandada oyun intizamı pozuldu. Bəzi futbolçulardan çox narazı qaldım, onlara cəza tətbiq ediləcək. Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacağıq".