David Odikadze: “Xəzər Lənkəran”la matçda kiçik üstünlük tərəfimizdə olacaq
20.02.2011 - 11:50
David Odikadze: “Xəzər Lənkəran”la matçda kiçik üstünlük tərəfimizdə olacaq
Bakının “İnter” komandasının futbolçusu David Odikadze klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, gürcüstanlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXI turunun MOİK-lə oyunu, həmçinin növbəti - “Xəzər Lənkəran”la qarşılaşma haqda fikirlərini açıqlayıb.

- David, belə asan qalib gələcəyinizi gözləyirdiniz?
- Heç bir oyun asan olmur. Bu gün biz əla oynadıq, qol vəziyyətlərindən yararlandıq və buna görə də böyük hesablı qələbə qazandıq. Uğurun zəmanəti yaxşı oynamağımızdadır. Əgər oyunumuz alınırsa, o zaman nəticə özü gəlir.

- Qarşıda komandanı “Xəzər Lənkəran” kimi güclü rəqiblə oyun gözləyir. Bu, turnir cədvəlinin zirvəsinə yaxınlaşmaq üçün əla şansdır. Bu oyunda komandanın şansını necə qiymətləndirirsiniz?
- Bu, iki bərabər səviyyəli komandanın qarşılaşması olacaq. “Xəzər Lənkəran” çempionatın liderlərindən biridir və buna görə də, o bizim üçün ikiqat vacib matç olacaq. Buna görə də şansımızı təqribən 50-50 qiymətləndirirəm. Bununla yanaşı, doğma meydan faktoru bizə kömək etməlidir, buna görə də, kiçik üstünlüyü tərəfimizdə saxlayıram. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- İkinci hissənin ortalarında MOİK-in oyunçusuyla toqquşmadan sonra oyunu davam etdirə bilmədiniz və əvəzləndiniz...
- Allaha şükür, ciddi heç nə yoxdur. Mən qazona uğursuz yıxıldım və ayağım burxuldu. Oyunu davam etdirə bilmədim, amma həkimlər vaxtında kömək etdilər və indi artıq hər şey normaldır.

- Belə çıxır zədə ciddi deyil? Bu, “Xəzər Lənkəran”la matça hazırlaşmağıniza təsir etməyəcək?
- Düşünürəm ki, təsir göstərməyəcək. “Xəzər Lənkəran”la matça hazırlaşağacam.
0