Aleksandr Starkovla Bülənt Korkmaz bir yerdə sevindilər
21.02.2011 - 09:47
Aleksandr Starkovla Bülənt Korkmaz bir yerdə sevindilər
“Bakı” klubunun latviyalı baş məşqçisi Aleksandr Starkovla türkiyəli keçmiş çalışdırıcı Bülənt Korkmaz bir yerdə sevindilər. Apasport.az saytının hesablamalarına görə, hər iki əcnəbi mütəxəssis “zolaqlılar”da ilk qələbələrini eyni məkanda – Tovuzda qazandılar. Korkmaz ötən çempionatın ilk dövrəsində, Starkov isə keçən tur “Turan”la səfər oyununda qalib gəldi. Özü də maraqlıdır ki, hər iki görüş eyni hesabla (1:0) nəticələnmişdi və hər ikisində braziliyalı hücumçu Jaba qələbə topunun müəllifi olub. Fərq ondadır ki, Korkmaz debüt oyununu qələbə ilə qeyd etmişdi. Ancaq Starkov 2-ci görüşündə buna nail oldu. Latviyalı çalışdırıcı debüt matçı qış fasiləsindən sonra ilk turda “Muğan”la ev oyunu idi. “Bakı” həmin görüşdə də ilk hissədə hesabı açsa da, fasilədən az sonra buraxdığı qələbəni əldən verdi – 1:1.

Qeyd edək ki, Jaba komanda yoldaşı, həmyerlisi Leandro Roşa ilə birgə “Bakı”nın Türkiyədəki hazırlığına gec qatıldığına görə əvəzedici komandaya göndərilmişdilər. Sonradan braziliyalılar səhvlərini anlayaraq, üzr istədilər və bağışlandılar. Jaba verilən şansdan qayıdan kimi maksimum istifadə edərək, ona əbəs yerə güvənilmədiyini nümayiş etdirdi.