Axırıncı aşırım
21.02.2011 - 11:16
Axırıncı aşırım
Azərbaycan Premyer Liqasında “altılıq” uğrunda mübarizə son həddinə çatdı. Apasport.az saytının məlumatına görə, “Muğan” həlledici mərhələyə çıxmaqla bağlı yarışa əlavə rəng qatdı.

Bu, mükafatlar və ölkə kubokunda mübarizədən kənarda qalması hələ ötən ildən dəqiqləşən Salyan təmsilçisinin iddialıları büdrətməsindən sonra aydınlaşdı. Qış fasiləsində bir çoxlarından fərqli, xaricdə deyil ölkə daxilində təlim-məşq toplanışı keçən “Muğan” yaxşı hazırlaşdığını nümayiş etdirdi. Nəticədə Bəhmən Həsənovun yetirmələri Bakıda 4 xal qazanaraq, əvvəlcə “Bakı”dan (1:1), ardından “Qəbələ”dən (1:0) xal aldı. Özü də hər iki oyunda qolları təcrübəli hücumçu Elşən Məmmədov vurdu.

“Qəbələ”nin xal itirməsi, AZAL-ın “Xəzər Lənkəran”la səfər oyununa çıxmamış “altılığ”a düşməsini rəsmiləşdirməsi demək idi. Belə ki, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Qarabağ”ın ardınca AZAL da bu “xoşbəxt qatarın” sərnişini oldu. İndi qalır sonuncunu müəyyənləşdirmək.

“Muğan”ın “Bakı”nı büdrətməsindən sonra “Qəbələ”nin “altılığ”a düşmək şansı artdı. Düzdür, Toni Adamsın yetirmələri səfərdə “Qarabağ”a 0:3 hesabı ilə uduzsa da, “zolaqlılar”dan 1 xal qabaq idi. Yəni, hər şey qəbələlilərin əlində idi və son 2 oyunda qələbə həlledici mərhələyə vəsiqə qazanmaq demək idi. Ancaq sən saydığını say, gör “Muğan” nə sayır.

Salyanlıların “Qəbələ” üzərində qələbəsindən sonra vəziyyət 180 dərəcə dəyişdi. İndi “Bakı” turnir cədvəlində “Qəbələ”dən qabaq olduğundan, hər şey öz əlindədir. Özü də Aleksandr Starkovun yetirmələrinə son turda AZAL-la səfər oyununda 1 xal, yəni uduzmamaq da yetərlidir. Çünki “Bakı” ilə “Qəbələ”nin xalları eyni olarsa, reqlamentə görə şəxsi oyunlara baxılacaq. Bu zaman isə “zolaqlılar”ın hər iki oyunda qalib gəlməsi böyük üstünlüyü deməkdir.

Ancaq “Bakı”nın meydana yalnız 1 xal üçün çıxması riskli olduğundan, qələbəyə oynayacaq. Çünki komanda “təyyarəçilər”i qabaqlamaq üçün yaxşı imkan qazanıb. “Bakı” ilk dövrədə 2:3 hesabı ilə uduzduğu AZAL-a səfərdə lazımı hesabla qalib gələrsə, xalları bərabərləşdirərək, şəxsi oyunlarda ondan üstün olacaq. Buna isə fevralın 25-də aydınlıq gələcək. Ertəsi 26 fevral Xocalı soyqırımının ildönümü olduğundan, ilk mərhələdə son turun qalan 3 oyunu 27-də keçiriləcək. “Qəbələ”nin “Gəncə” ilə ev oyunu da həmin gün olacaq. Qəbələlilər ölkə kubokunun ¼ finalında rəqibi olan “Bakı”nın AZAL-a uduzacağını gözləyib, sonra özləri nəhayət, bu il qol vurub, qalib gəlməlidir. Əks halda, hər şey formallığa çevriləcək...