Naci Şensoy: “Bakı” ilə oyun ad günüm üçün əla hədiyyə idi
21.02.2011 - 14:15
Naci Şensoy: “Bakı” ilə oyun ad günüm üçün əla hədiyyə idi
“Komandam ad günümə əla hədiyyə verdi. “Bakı” ilə qarşılaşmada göstərilən oyundan yaxşı nə ola bilərdi ki? Futbolçuların əzmkarlığı, mübarizə aparması əsl hədiyyə idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.

Dünən 53 yaşını qeyd edən türkiyəli mütəxəssis komandasının Premyer Liqanın XXI turunun “Bakı” ilə görüşündəki oyununu özünə hədiyyə sayır: “Təbii ki, nəticə bizi qane etmir. Uduzmağımız yaxşı nəticə deyil. Lakin mən əsl “Turan” ruhu gördüm. Belə oyunla komandam “Bakı” ilə matç ərəfəsində yayılan dedi-qodulara, şayiələrə cavab verdi. Bəziləri “Turan”ın bilərəkdən uduzacağını deyirdi. Öz oyunumuzla bunun həqiqət olmadığını sübut etdik”.

Şensoy bu qarşılaşmanın taleyini bir səhvin həll etdiyini düşünür: “Bakı” ilə görüşün nəticəsi ədalətsizdir. Biz ən azı 1 xala layiq idik. Lakin fikir verin, biz necə uduzduq... Cəmi 1 səhvlə. Bunu da 1991-ci il təvəllüdlü Məhərrəm Müslümzadə etdi. O, başqa klublardakı 300 min dollarlıq oyunçulardan deyil, cəmi 500 dollarlıq futbolçudur. Biz onu hələ yetişdiririk”.

Çalışdırıcı “Bakı” ilə oyunun hakimi Vüsal Əliyevdən də narazı qalıb: “Hakimliyə gəlincə, Vüsal Əliyev Azərbaycanın ən yaxı hakimlərindən biridir. Bizim oyunumuzda da nəticəyə təsir edən hər hansı bir səhv etmədi. Düzdür, 1 penalti epizodu var idi. Orada futbolçumuzun cərimə meydanının xəttindən kənarda, yaxud içəridə yıxıldığını görə bilmədim. Video təkrarda buna baxacağam. Əliyev öz qərarları ilə həm məni, həm də azarkeşləri özündən çıxarırdı. Tempi öldürürdü. Mən neçə illərdir futboldayam, “Pro” kateqoriyalı məşqçiyəm, belə şeyləri görməyə bilmərəm”.

Şensoy Azərbaycan hakimliyinin çox aşağı səviyyədə olduğunu düşünür: “Görünür ki, mənim Azərbaycanda olmadığım 6 il ərzində hakimlikdə heç nə dəyişməyib. Lakin buna görə Azərbaycana qayıtmağıma peşman deyiləm. Hakimlərin mentaliteti dəyişməlidir. Necə olur ki, özbəkistanlı hakim dünya çempionatının final mərhələsinə gedir, azərbaycanlı isə yox? Belə getsə, heç 50 il hakimləriniz final mərhələlərinə getməyəcək, Tofiq Bəhramovun layiqli davamçısı olmayacaq”.

Mütəxəssis bildirib ki, qarşıdakı turda üz-üzə gələcəyi “Qarabağ”ın oyununu çox bəyənir: “Bakı” ilə qarşılaşmada göstərdiyimiz oyunu “Qarabağ”a qarşı da ortaya qoyacağıq. Ötən matçda nəticə qazana bilmədik. Lakin “Qarabağ”la görüşdə xal qazanmağa çalışacağıq. Bu komanda çox güclü rəqibdir. Həm də onlar mənim məşqçi düşüncələrimə, oyun üslubuma uyğun oynayırlar. Lap 2004/05 mövsümündəki “Turan”ı xatırladırlar, texnikalı, sürətli oyunu ilə. Lakin biz də həmin matça ciddi hazırlaşıb nəticə qazanmağa çalışacağıq”.