“Bu gedişlə onlar çətin ki, Premyer Liqada qalsınlar” - MÜSAHİBƏ
21.02.2011 - 14:38
“Bu gedişlə onlar çətin ki, Premyer Liqada qalsınlar” - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Slavço Georgievskinin müsahibəsi

- “Simurq”la oyunda “Neftçi” 3:0 hesabı ilə qalib gəldi. Görüş necə keçdi?
- Açığı Zaqatala təmsilçisinin belə zəif təsir bağışlayacağını gözləmirdim. Çünki Qyoko Hacıyevskinin məşqçilik işinə bələdəm. O, Makedoniyada ən güclü mütəxəssislərdən biridir. Ancaq hazırkı komandası lazımlı oyunçuları transfer etmədiyi üçün “Simurq” çox zəif futbol nümayiş etdirir. Bu gedişlə onlar çətin Premyer Liqada qalsınlar.

- Oyundan sonra rəqibin baş məşqçisi ilk iki qolda hakimlərin səhvə yol verdiyini vurğulayıb...
- Bax, mən artıq bunu başa düşə bilmirəm. Oyuna baxanlar hər kəs gördü ki, “Neftçi” rəqibindən 5 baş üstündür. Necə ola bilər ki, matçda komandamız təqribən 70-75 faiz topa nəzarət edir, 10-dan artıq qol epizodu yaradır, ancaq rəqib hakimin səhvlərindən danışır. Yəqin ki, onlar oyunun videoyazısına baxdıqdan sonra, yanlış düşündüklərini anlayacaqlar. Mən isə deyirəm ki, “Simurq”la görüş bizim üçün “asan gəzinti” idi. Hətta deyərdim ki, ilk dövrədəki komanda bizə 4:0 hesabı ilə məğlub olmasına baxmayaraq, son görüşdən daha yaxşı təsir bağışlamışdı.

- Oyundan sonra keçirilən mətbuat konfransında Qyoko Hacıyevski konkret ilk qolun ofsayddan vurulduğunu bildirib...
- Matçdan həmən sonra hər şey demək mümkündür. Həmin epizodun ofsaydla uzaqdan-yaxından əlaqəsi yoxdur. Rəşad Abdullayev sürəti hesabına rəqib müdafiəçini keçərək, epizodu qola çevirdi. Belə vəziyyətdə bizim futbolçumuz 2 metrə yaxın məsafədən rəqibin arxasından çıxaraq onu keçirsə, necə ofsayd ola bilər!? Video görüntülərdə bu aydın görünür.

- Növbəti oyunda MOİK-lə qarşılaşacaqsınız. Rəqib Premyer Liqanın autsayderlərindən biridir. Oyundan nə gözləyirsiniz?
- Biz hər görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə oyunda istisna deyil. Bizi digər komandaların qazandığı nəticələr maraqlandırmır. Çünki hər görüşdə 3 xalı qazanmaqla çempion olacağımızı bilirik.

Mənbə: Klubun saytı