Branimir Subaşiç: Şəxsən mən xəcalət çəkirəm
21.02.2011 - 15:07
Branimir Subaşiç: Şəxsən mən xəcalət çəkirəm
“Qəbələ” klubunun milliləşdirilən serbiyalı futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Komandanız qış fasiləsindən sonra gözlənilənlərin əksinə olaraq, çox uğursuz çıxış edir. Nəticədə hər iki oyunda uduzaraq, 7-ci pilləyə düşdünüz. Bunun səbəbini nədə görürsünüz?
- Açığı, səbəbini heç kim bilmir. Bir onu bilirik ki, belə olmamalı idi. İnamsızlıq yaranıb. Belə olanda, nəticə qazanmaq çətindir. Mən hələ “Qarabağ”a 0:3 hesabı ilə uduzduğumuz matçdan sonra dedim ki, belə oynasaq, “altılığ”a düşməyəcəyik. Hər şey də buna doğru gedir. Oyunumuz heç alınmır.

- Türkiyədə yaxşı hazırlıq keçdiniz. Komandaya yeni futbolçular gəlib və heyət güclənib...
- Heyətin güclənməsi haqda nə qədər danışmaq olar? Ötən il heyətimiz normal idi, normal oynayırdıq. Hər halda, indikindən yaxşı idi. Fasilədə komandaya yeni futbolçular gəldi. Nəticədə meydanda bir-birimizlə anlaşa bilmirik. Anlaşma, ümumiyyətlə yoxdur. Özümə gəlincə, inamsızlıq var, səbəbini bilmirəm. Hamı həddən artıq boşalıb. Hiss etmişdim ki, belə də olacaq. Buna baxmayaraq, yanılacağıma, hər şeyin yaxşı olacağına ümid edirdim.

- Xal qazanmamağınız azmış kimi, qol da vura bilmirsiniz. Bir hücumçu kimi bunu nə ilə əlaqələndirərdiniz?
- Oyun ərzində qapıya cəmi 2-3 zərbə vura bildik. Uzun ötürmələrlə oynayırıq... Həqiqətən başa düşülməyən vəziyyətdir. Mənim problemlə bağlı fikrim var, ancaq bunu özümdə saxlamağı üstün tuturam. Qoy vəziyyətdən necə çıxmağı, dəyişiklik edib-etməməyi baş məşqçi həll etsin. Mən baş məşqçi deyiləm.

- Bəlkə oyun taktikasında problem var? Yəni, uzun ötürmələrdə oyununuz alınmır?
- Əlbəttə. Biz, ümumiyyətlə futbol oynamırıq. Anlaşılmayan hansısa uzun ötürmələrə üstünlük veririk. 2-3 yeni futbolçu gəldi və hər şey necə oldusa dəyişdi.

- Bu dəyişiklik nəticəsində daha hücumun mərkəzində oynamırsınız, yarımmüdafiənin sağ cinahına çəkilmisiniz. Bu, oyununuza problem yaradır?
- Bəli. Bu mövqe dəyişikliyi heç xoşuma gəlmədi. Hücumda olanda sərbəst oynayırsan. İndi sərbəstlik yoxdur. Əvvəlki tək hücumun mərkəzində kəsərli oynaya bilmirsən.

- Vəziyyətdən narazılığınız aşkar hiss olunur. Üstünlüyünüz olsa da, son məğlubiyyətlə turnir cədvəlində 7-ci pilləyə düşdünüz...
- Əlbəttə. Necə ola bilər ki, “altılığ”a düşməyəsən? Bu, utandırıcıdır. Futbolçularımız yaxşıdır, sadəcə, oyunumuz alınmır. Mən yaranmış vəziyyəti başa düşə bilmirəm. Sözsüz ki, “altılıq”dan kənarda qalmağımız çox pisdir.

- Başqa futbolçular susmağı üstün tutduğu halda, siz çəkinmədən fikirlərinizi bildirirsiniz...
- Mən baş məşqçinin işinə müdaxilə etmirəm. Qoy hər şeyi Toni Adams həll etsin. Çünki baş məşqçimizdir. Sadəcə, fikirlərimi deyirəm. Hələ təlim-məşq toplanışında işlərimizin yaxşı olmayacağını hiss etmişdim. Yoxlama matçlarında göstərdiyimiz oyun xoşuma gəlmirdi. Ötən il hansısa oyun, sürprizlər vardı, indi isə, ümumiyyətlə oyun yoxdur. 2-3 yeni futbolçunun gəlişi ilə hər şey dəyişdi, özünəinamımız itdi. Mən belə vəziyyətdən narazıyam. Açıq deyirəm ki, utandırıcı haldır, şəxsən mən xəcalət çəkirəm.

- “Altılığ”a düşməyəcəyinizlə artıq barışmısınız?
- Yox. Çərşənbə gününü gözləyirəm. Həmin gün Qəbələyə gedib, məşqlərə başlayacağıq. Bazar günü oyunumuzdur, bundan sonra 2 gün istirahətdir. Bir daha təkrarlayıram ki, həddən çox arxayınlaşmışıq. Toni Adamsa nə deyəsən? Bu insan uzun illər London “Arsenal”da oynayıb. Sadəcə, mənə anlaşılmaz qalan məğlubiyyətdən sonra 2 gün istirahət etməyimizdir. Bunu kimə desən... Nə isə, bunlar komanda daxili işimizdir. Ola bilsin ki, belə lazımdır. Eybi yoxdur, çərşənbə günü yığışanda danışarıq. Mən inana bilmirəm ki, “altılığ”a düşməyəcəyik.

- Toni Adams dünya şöhrətli futbolçudur. Onun kimi təcrübəli insan hər şeyi daha yaxşı bilməlidir...
- O, futbolçu kimi dahi olub, hər şeyi görüb. İnsan kimi də yaxşıdır. Baxaq görək, vəziyyətdən necə çıxacaq. Mənim öz fikrim var. Ancaq futbolçu kimi nə deyə bilərəm? Məgər baş məşqçiyə məsləhət verməliyəm? Mən bunu etmək üçün heç kiməm. Adamsla aramızda yaxşı münasibət var. Nə deyəcək, onu da edəcəyik.

- Sizcə, “Qəbələ”nin “altılığ”a düşməsi üçün AZAL evdə “Bakı”ya, siz də “Gəncə”yə qalib gələ biləcəksiniz?
- Bilmirəm. Əgər “Gəncə”yə qalib gəlsək belə, hər şey istədiyimiz kimi olmayacaq. “Bakı” AZAL-la oyunda heç-heçə edərsə, “altılığ”a düşəcək. AZAL yalnız qalib gələrsə, “altılığ”a düşəcəyik. Ümid edirik ki, belə də olacaq. Ancaq asan olmayacaq.

- Siz ötən yay “Qəbələ”yə böyük ümidlərlə gəldiniz. Ancaq Premyer Liqada qalmaq uğrunda oynamaq heç iddialarınızla uyğun gəlmir...
- Əlbəttə. Bu, mənim üçün utandırıcıdır. Heç bu haqda fikirləşmək belə istəmirəm. Hiss edirdim ki, belə olacaq. Ancaq vəziyyətin bu həddə gəlib çatacağını, “altılığ”a düşməyəcəyimiz heç ağlıma gətirmirdim.

- İstəmədiyiniz olarsa, bu, komandadan gedişinizə səbəb ola bilər?
- “Qəbələ” ilə müqaviləm bu yay bitir. İndidən gələcək taleyim haqda heç nə danışmaq istəmirəm. Vaxtı gələndə baxarıq. İndi nəsə deməkdə çətinlik çəkirəm. 15 günə hər şeyə aydınlıq gələcək, bu, yüz faizdir.

Mehman SÜLEYMANOV