“Neftçi” mətbuata qarşı çıxır - FOTO
21.02.2011 - 16:01
“Neftçi” mətbuata qarşı çıxır - FOTO
“Mənim üçün çox maraqlıdır: niyə həmişə bizim oyundan sonra belə məsələlər ortaya atılır və hamı hakimlərin bizə kömək etdiyini deyir? Xatırlayırsınızsa, ayın 13-də "Xəzər Lənkəran"la oyunda təmiz penaltimizi vermədilər, amma biz heç bir etiraz etmədik”. Apasport.az-ın xəbərinə görə bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

41 yaşlı mütəxəssis klubun rəsmi internet saytına müsahibəsində Azərbaycan Premyer Liqasının XXI turunun “Simurq”la oyunundan sonra yaranan söz-söhbətə münasibət bildirib. Əsədov hakimlərin komandasına kömək etməsi fikri ilə razı deyil: “Biz bu məsələni mütəxəssislərin öhdəsinə buraxdıq. "Simurq"la oyun "Neftçi" üçün ən asan oyunlardan biri oldu. Əgər bizim komanda 45 dəfə top ötürməsi edərək, topu itirmədən təhlükəli hücum edirsə və rəqib komanda topu bizdən ala bilmirsə, bu o deməkdir ki, "Neftçi" meydanda məşq edirdi. Hesab göz qabağındadır. Matçda topa nəzarət bizdə idi. Oyun qabağı böyük ajiotaj vardı, hər kəs rəqibin stimullaşdırıldığından danışırdı. Ancaq komandanın oyunu yenə göstərdi ki, "Neftçi" düzgün yoldadır. Komandamızın öz oyun üslubu var və oyun üslubuna uyğun yaxşı meydança olanda "Neftçi" qarşısıalınmazdır”.

Əsədov daha çox mübahisəyə səbəb olan və oyundankənar vəziyyətdən vurulduğu deyilən ilk qolun təmiz olduğunu düşünür. O bildirib ki, “Neftçi” özü 3-dən artıq qol vurmaq istəməyib: “Biz bir neçə dəfə epizodun təkrarına baxdıq və orda heç bir oyundankənar vəziyyətdən söhbət belə gedə bilməz. Ancaq mətbuatda yazırlar ki, Aydın Ələkbərov "Simurq"u "sındırdı". Biz istəsəydik, bu görüşdə fərqi daha da artıra bilərdik”.

Çalışdırıcı “Simurq”un futbolçularının etirazına səbəb olan 2-ci qolda rəqib oyunçuların hərəkətini əsassız sayır: “Həmin epizod adi bir künc zərbəsi idi və biz bundan yararlana bildik. Müdafiəçimiz Ruslan Abışov öz qolunu vurdu. Qol vurulan ana qədər artıq topa 5-6 dəfə toxunuş olmuşdu. Qoy bütün komandalar öz oyunlarına fikir versinlər, necə ki, biz bunu edirik. Biz yalnız öz oyunumuza baxırıq. Liderliyimizi çempionatın sonuna qədər davam etdirmək üçün əlimizdən gələni edəcəyik”.
0