İspaniyalı məşqçi Azərbaycanla oyundan ehtiyatlanır
21.02.2011 - 18:00
İspaniyalı məşqçi Azərbaycanla oyundan ehtiyatlanır
“Azərbaycan millisi ilk dəfə qatıldığı Avropa çempionatının final mərhələsində 4-cü yeri tutdu. Məntiqlə belə ehtimal etmək olar ki, çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya futzal yığmasının baş məşqçisi Xose Venansio Lopes deyib.

Son Avropa çempionatının qalibi olan ispanlar artıq bu həftə ölkəmizə qonaq gələcəklər. Belə ki, onlar Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan, Fransa və Qazaxıstanla bir qrupa düşüb: “Aydındır ki, biz titulumuzu qorumağa çalışacağıq. Ancaq ilk məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır. İndi yığmamız çox yüksək səviyyədədir. Hərçənd, biz nəsildəyişmə prosesini yaşayırıq. Bəzi oyunçular milli karyeralarını bitirdilər və onların əvəzinə bir neçə gənci üzə çıxardıq. Bununla belə, əminik ki, gələcəyimiz etibarlı əllərdədir. Ona görə də daha çox yeni gənc oyunçulara bel bağlaya bilərik. Onlar çempionatda əla təsir bağışlayırlar”.

İspanlar qrupda son oyunlarını fevralın 27-də məhz yığmamızla keçirəcək. Lopes bu görüşün əhəmiyyətin danışıb: “Azərbaycan yığması bir sıra Braziliya əsilli oyunçulara bel bağlaya bilər. Onlarla son seçmə oyunumuz həlledici əhəmiyyət kəsb edəcək. Biz ötən seçmə mərhələdə oynadığımız Qazaxıstan yığması ilə də tanışıq. Ancaq ən çətin oyunumuz məhz Azərbaycanla olacaq”.