Tim Keyhill Araz Abdullayevə güzəştə getmədi
22.02.2011 - 10:54
Tim Keyhill Araz Abdullayevə güzəştə getmədi
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin İngiltərənin “Everton” klubunda geyinəcəyi formanın nömrəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçiyə “36” nömrə verilib.

İcarə əsasında “Neftçi”də oynayan, hazırda isə Liverpul təmsilçisinin məşqlərinə qatılan Abdullayevin öz doğma nömrəsinə yox, “36”ya yiyələnməsi təsadüfi deyil. Belə ki, “Neftçi”də Arazın geyindiyi “17” nömrəni “Everton”un vitse-kapitanı Tim Keyhill daşıyır.

Avstraliya millisinin hücumçusunun öz nömrəsini yeniyetməyə güzəştə getməməyi isə təbiidir. Arazın bir vaxtlar yığmada geydiyi “7” nömrəsi də boş deyil. Belə ki, “Everton” bu xoşbəxt rəqəmi Rusiya yığmasının üzvü Diniyar Bilyaletdinova həvalə edib.